Yunanıstanda kəskin istilərə görə açıq havada işləmək qadağan edildi

Yunanıstanda havanın kəskin isti keçməsi ilə əlaqədar bu gün saat 13:00-dan 17:00-dək açıq havada görülən işlərə məhdudiyyət tətbiq edilib.

Ölkənin Əmək və Sosial Təminat Nazirliyi bildirib ki, qərar işçilərin sağlamlığını qorumaq məqsədi daşıyır. Məhdudiyyət tikinti, gəmiqayırma və kuryer xidmətləri kimi açıq havada görülən işlərə şamil olunur.

Bundan başqa, səhhətində problemi olan, yaşlı və hamilə ofis işçilərinin məsafədən işləməsi tövsiyə edilib.

Meteoroloqların proqnozuna görə, bəzi bölgələrdə havanın temperaturu 40-43 dərəcəyədək yüksələcək. Eyni zamanda, Krit adası və cənub Egey bölgəsində isti hava ilə yanaşı, səhra tozunun da təsirli olacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki