Referans xəbər verir ki, İspaniyanın nüfuzlu “Periodista Digital” nəşri Ermənistanın Sünik vilayətindən keçəcək 42 kilometrlik nəqliyyat dəhlizi ilə bağlı səs-küylü iddia irəli sürüb.
Mənbənin yazdığına görə, ABŞ-ın təşəbbüsü və şəxsi olaraq prezident Donald Trampın dəstəyi ilə bu dəhliz “Puente Trump” – “Tramp körpüsü” adlandırılacaq.
Nəşrin məlumatına əsasən, sözügedən dəhliz üzrə Ermənistan, Azərbaycan və ABŞ arasında üçtərəfli anlaşma əldə olunub. Həmin razılaşmaya əsasən, bu yol ABŞ-a məxsus xüsusi lisenziyalı şirkət tərəfindən istismar ediləcək və 99 illik idarəetmə hüququ veriləcək. ABŞ şirkəti dəhlizdən gələn gəlirlərin 40 faizini əldə edəcək, 30 faizi Ermənistan tərəfinə çatacaq, qalan hissə isə texniki və təhlükəsizlik xərclərinə yönəldiləcək.
Qeyd edək ki, bu layihə region ölkələrində fərqli adlarla tanınır. Azərbaycanda rəsmi şəkildə “Zəngəzur dəhlizi” kimi qəbul edilir. Türkiyə və Azərbaycandakı milliyyətçi kəsim isə bu strateji nəqliyyat xəttini “Turan yolu” adlandırır – bu, türk dövlətlərini birləşdirən mədəni və iqtisadi layihə kimi təqdim olunur. Ermənistan isə layihəyə “sülh kəsişməsi” adını verir və onu yalnız bir dəhliz deyil, bölgədə bütün kommunikasiya yollarının açılması prosesinin tərkib hissəsi kimi qiymətləndirir.
Bu adlandırmalara əlavə olaraq, indi də beynəlxalq mediada – xüsusilə “Periodista Digital” və digər Qərb nəşrlərində bu dəhlizin “Tramp körpüsü” adı ilə təqdim olunması gündəmə gəlib. Bildirilir ki, bu adlandırma Trampın layihəyə simvolik dəstəyinin göstəricisidir.
Bakı isə bu məsələyə fərqli yanaşır. Azərbaycanın rəsmi mövqeyi belədir ki, Zəngəzur dəhlizi regional məsələdir və üçüncü dövlətlərin bu layihədə iştirakı, xüsusən də nəzarəti yolverilməzdir. Azərbaycan bu yolun yalnız Bakı-İrəvan-Ankara xətti çərçivəsində həllini vacib sayır və Qərb dövlətlərinin bu sahədə birbaşa iştirakı ilə razılaşmır.
Azərbaycan ictimaiyyətində və siyasi elitasında bu xəbərə qarşı tənqidi yanaşma mövcuddur. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın bu cür təşəbbüsü regionda yeni geopolitik qarşıdurmalara zəmin yarada bilər.
Musavat.com bildirir ki, mövzu ilə bağlı nüfuzlu “Reuters” agentliyi də ayrıca xəbər yayıb. Onlar ABŞ hökumətinin Ermənistana Zəngəzur dəhlizini 100 illik müddətə idarə etmə təklifi verdiyini yazır. Bu təklifə əsasən, ABŞ bölgədə sülh və təhlükəsizlik üçün strateji rol oynamaq niyyətindədir.
Hazırda əsas sual budur: Zəngəzur dəhlizi türk dünyasını birləşdirən Turan yolumu olacaq, yoxsa Qərbin nəzarətində olan “Tramp körpüsünə” çevriləcək? Azərbaycan və Türkiyə bu yolun türk dövlətlərinin ortaq maraqları əsasında formalaşmasına çalışır. Lakin Vaşinqtonun maraqları, İrəvanın asılı mövqeyi və Qərb mediasının informasiya oyunları bu prosesi mürəkkəbləşdirir.
Bakı isə açıq mesaj verir: bu yol Zəngəzur dəhlizidir və bu yolun nəzarəti yalnız Azərbaycan və tərəfdaşlarına aid ola bilər.