İsveçrədə ABŞ və İran arasında keçirilən və təxminən 18 saat davam edən danışıqların ilk mərhələsindən gələn müsbət mesajlar qlobal maliyyə bazarlarında rahatlama yaradıb. Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutan görüşlərdə tərəflərin bir sıra əsas məsələlər üzrə irəliləyiş əldə etməsi enerji bazarlarına da təsir göstərib.
Referans Media xəbər verir ki, danışıqlar zamanı Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, Livanda atəşkəs prosesi və İranın dondurulmuş aktivləri ilə bağlı müzakirələr aparılıb. Tərəflərin 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzərində razılığa gəldiyi bildirilir.
Müzakirələrdən sonra neft bazarında qiymətlərin aşağı istiqamətdə hərəkəti müşahidə olunub. Brent markalı neftin qiyməti gün ərzində qazandığı artımı geri verərək 0,4 faiz azalaraq bir barel üçün 79,37 dollara enib. ABŞ xam nefti isə 1,2 faiz artımla 77,52 dollar səviyyəsində ticarət olunub.
Analitiklər hesab edirlər ki, bazarlarda əsas rahatlama geosiyasi risklərin qismən azalacağı gözləntiləri ilə bağlıdır. Xüsusilə enerji tədarükünün təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqların zəifləməsi investorların davranışına təsir edib.
Danışıqlardan gələn müsbət siqnallar fond bazarlarında da hiss olunub. ABŞ indekslərində satış təzyiqi zəifləyib – S&P 500 üzrə fyuçerslər 0,2 faiz, Nasdaq fyuçersləri isə 0,3 faiz geriləyib. Avropada isə əsas indekslər daha sabit görünüş nümayiş etdirib.
Mütəxəssislər hesab edir ki, qarşıdakı həftələrdə danışıqlar prosesinin gedişi neft və qlobal bazarların istiqamətini müəyyən edən əsas amillərdən biri olacaq.
