Dəfələrlə dövlət tədbirlərinə dəvət alan influenserin bu səhvi görməməsi diqqət çəkir
Sosial şəbəkələrdə “Ulvifatime” adı ilə tanınan bloger Fatimə Əhmədovanın paylaşdığı videogörüntülər müzakirə mövzusuna çevrilib.
Görüntülərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının tərs formada yerləşdirilməsi diqqət çəkir. Bu isə dövlət rəmzlərinə münasibət və ictimai nüfuz sahibi olan şəxslərin məsuliyyəti məsələsini yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı yayılan məlumatlara görə, “Instagram”da 1,3 milyon izləyicisi olan influenserin videosunda masanın üzərindəki üçrəngli bayrağın düzgün yerləşdirilmədiyi görünür.
Burada haqlı sual yaranır: Azərbaycanın ən yüksək səviyyəli dövlət tədbirlərinə dəvət alan, ictimaiyyət qarşısında tanınan bir şəxs ölkəsinin bayrağının səhv yerləşdirildiyini necə görməyə bilər?
Əlbəttə, söhbət adi texniki səhvdən və ya təsadüfi diqqətsizlikdən gedə bilər. Bayrağın çəkilişdən əvvəl həmin formada yerləşdirilməsi də istisna deyil. Lakin məhz bu məqamda məsuliyyət məsələsi ortaya çıxır: ictimaiyyətə təqdim olunan görüntülərə, xüsusilə dövlət rəmzlərinin əks olunduğu kadrlara nə dərəcədə diqqət yetirilir?
Azərbaycan bayrağı ölkənin müstəqilliyinin, suverenliyinin və milli kimliyinin rəmzidir. Onun düzgün təqdim olunması yalnız rəsmi tədbirlərin təşkilatçılarına aid məsələ deyil. Bu, eyni zamanda, ictimaiyyət qarşısında olan hər bir şəxsin diqqət yetirməli olduğu həssas məqamdır.
Xüsusilə geniş auditoriyaya malik blogerlərin paylaşdıqları görüntülər minlərlə, hətta milyonlarla insana çatır. Belə şəxslərin fəaliyyəti yalnız şəxsi kontent və reklamla məhdudlaşmır; onların paylaşdıqları materiallar cəmiyyətə təsir göstərmək gücünə də malikdir.
Məhz buna görə də dövlət tədbirlərində iştirak edən, rəsmi platformalarda görünən və geniş auditoriyaya xitab edən şəxslərdən daha diqqətli davranış gözlənilir.
Əsas sual isə açıq qalır: Fatimə Əhmədova çəkiliş zamanı bayrağın tərs yerləşdirildiyini görməyib, yoxsa bu məqama ümumiyyətlə diqqət yetirməyib?
Hələlik bu görüntülərin hansı şəraitdə çəkildiyi və blogerin məsələyə münasibəti barədə əlavə açıqlama təqdim edilməyib. Fatimə Əhmədovanın mövqeyi məlum olduqdan sonra məsələyə daha aydın qiymət vermək mümkün olacaq./nocomment.az/
