Fransada indiyədək yalnız heyvanlarda müşahidə olunan Şamonda (Shamonda) virusu ilk dəfə insanda aşkarlanıb. Virusa yoluxduğu müəyyən edilən xəstənin həyatını itirdiyi bildirilib.
Referans Media xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ayın əvvəlində Lyon şəhərindəki xəstəxanalardan birində müalicə alan pasiyentdə Şamonda virusu infeksiyası təsdiqlənib.
Nazirlik bildirib ki, bu vaxta qədər virusun insanlara yoluxmadığı hesab edilirdi. Lionda qeydə alınan hadisə isə Şamonda virusunun ilk dəfə insanda aşkarlanaraq ictimaiyyətə açıqlanan yoluxma halıdır.
Açıqlamada vurğulanıb ki, hazırkı elmi məlumatlara əsasən virusun ictimai sağlamlıq üçün genişmiqyaslı təhlükə yaratdığına dair sübut yoxdur.
İlkin ehtimallara görə, həyatını itirən şəxs Kulikoidlər cinsinə aid kiçik qan soran milçəyin dişləməsi nəticəsində virusa yoluxub.
Məlumata görə, bu ilin yayında Fransanın şərq bölgələrində heyvanlar arasında Şamonda virusu halları qeydə alınıb.
Virus ilk dəfə 1960-cı illərdə Nigeriada aşkarlanıb. Sonrakı illərdə isə Afrika ölkələri və Yaponiyada əsasən iribuynuzlu mal-qara arasında yayılıb.
Bu il isə ilk dəfə Avropa qitəsində Şamonda virusuna yoluxma halları qeydə alınıb.
Şamonda virusu daha çox iribuynuzlu heyvanlarda müşahidə olunur. Onun əsas əlamətləri ishal, halsızlıq və yüksək hərarətdir.
Fransa Səhiyyə Nazirliyi hazırda hadisə ilə bağlı epidemioloji araşdırmaların davam etdiyini və virusun insanlara yoluxma mexanizminin dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.
