BMT Baş Assambleyası ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosunun ləğvini tələb edən qətnamə layihəsini 130 ölkənin dəstəyi ilə qəbul edib. Türkiyə də layihəyə lehinə səs verən ölkələr sırasında yer alıb.
Referans Media xəbər verir ki, səsvermədə 17 ölkə sənədin əleyhinə çıxıb. Onların arasında ABŞ, İsrail, Ukrayna, Argentina və Birləşmiş Ərəb Əmirlikləri də olub.
Kuba Prezidenti Migel Dias-Kanel səsvermənin nəticəsini ölkəsi üçün qələbə adlandırıb. O, ABŞ-ın digər ölkələrə təzyiq göstərərək səsvermənin nəticəsinə təsir etməyə çalışdığını iddia edib.
Dias-Kanel bildirib ki, beynəlxalq ictimaiyyət təzyiq və hədələrə baxmayaraq, Kubaya qarşı embarqonun əleyhinə mövqe nümayiş etdirib.
Prezident açıqlamasında “Kuba təhdid deyil, təhdid embarqodur” ifadəsini işlədib və səsvermənin nəticəsini Kuba xalqının qələbəsi kimi qiymətləndirib.
Qətnamənin qəbul edilməsi Kubaya diplomatik dəstəyin geniş olduğunu göstərsə də, BMT Baş Assambleyasının bu cür qərarları hüquqi baxımdan məcburi deyil. Buna görə də səsvermənin nəticəsi ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyaları avtomatik olaraq ləğv etmir.
Bununla belə, 130 ölkənin embarqonun dayandırılmasını dəstəkləməsi Vaşinqtona qarşı mühüm diplomatik mesaj kimi qiymətləndirilir.
