"Qalatasaray"a 1:2 hesabı ilə məğlubiyyətdən sonra İsmail Kartalla yollarını ayıran "Fənərbaxça"da yeni baş məşqçi axtarışları davam edir. Sarı-göylü komandanın azarkeşlərinin istədiyi namizədlər arasında italiyalı mütəxəssis Antonio Konte də yer alır.
Referans Media xəbər verir ki, avropa futbolunda qazandığı uğurlarla tanınan Kontenin adı "Fənərbaxça"nın mümkün baş məşqçi namizədləri sırasında hallanır. Azarkeşlər onun təcrübəsinin, intizamlı oyun fəlsəfəsinin və çempionluq tarixçəsinin komandanın hədəflərinə çatmasına kömək edə biləcəyini düşünürlər.
Məlumata görə, "Fənərbaxça" rəhbərliyinin nəzərdən keçirdiyi adlar arasında Antonio Konte ilə yanaşı Vinçentso Montella, Abdullah Avcı və Volkan Dəmirəl də var. Bununla belə, klubun hansı mütəxəssislə danışıqlar apardığı və ya kiminlə razılığa yaxın olduğu barədə rəsmi açıqlama verilməyib.
Abdullah Avcının adının namizədlər arasında hallanması isə azarkeşlərin bir hissəsinin narazılığına səbəb olub. Bəzi tərəfdarlar komandanın başında beynəlxalq təcrübəyə malik mütəxəssis görmək istəyirlər.
Antonio Konte Yuventusla ardıcıl üç dəfə İtaliya A Seriyasının qalibi olub. O, İnter və Napoli ilə də İtaliya çempionluğu yaşayıb, Çelsi ilə İngiltərə Premyer Liqasını qazanıb.
Məhz bu uğurlar italiyalı mütəxəssisi "Fənərbaxça" azarkeşləri üçün cəlbedici namizədlərdən birinə çevirir.
Hazırda klubun yeni baş məşqçi ilə bağlı yekun qərarı gözlənilir. Kontenin "Fənərbaxça" ilə razılığa gəlməsi barədə isə rəsmi məlumat yoxdur.
