Milyonlarla abonent üçün PİS XƏBƏR: Artıq işləməyəcək!

Finlandiyada analoq stasionar telefon şəbəkəsinin tam dayandırılması yalnız bu ölkəyə xas qərar deyil, telekommunikasiya sahəsində formalaşan qlobal tendensiyanın tərkib hissəsidir.

Bunu Referans Media-nın suallarını cavablandıran İT mütəxəssisi Kamran Əsədullayev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin iyununda Finlandiyada son ənənəvi mis kabel əsaslı telefon şəbəkəsi də fəaliyyətini dayandırıb və səs rabitəsi tamamilə mobil şəbəkələr, VoIP (internet üzərindən zəng) və fiber-optik infrastruktur üzərinə keçib.

Ekspert bildirib ki, bu tendensiyanın əsas səbəbləri mis kabel şəbəkələrinin saxlanılmasının baha başa gəlməsi, istifadəçilərin əksəriyyətinin artıq mobil telefonlardan istifadə etməsi, fiber-optik şəbəkələrin internet, televiziya və telefon xidmətlərini eyni kabel üzərindən təqdim etməsi, eləcə də operatorların köhnə telefon stansiyalarını saxlamaq əvəzinə 4G, 5G və fiber-optik şəbəkələrə investisiya yatırmağı daha səmərəli hesab etmələridir.

Kamran Əsədullayev qeyd edib ki, Azərbaycanda da oxşar proses artıq başlayıb.

"Rəqəmsal inkişaf sahəsində dərc olunmuş rəsmi statistikaya görə, 2022-ci ildən etibarən stasionar telefon abonentlərinin sayı azalmağa başlayıb. Bunun səbəbləri arasında "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON (fiber-optik) şəbəkəsinin genişlənməsi və internet xidmətlərinin artıq telefon xəttindən asılı olmaması göstərilir. Hesabatda hətta qeyd olunur ki, gələcək illərdə mobil şəbəkələrin stasionar telefonları əvəz etməsi texnoloji baxımdan qaçılmaz görünür", – deyə o bildirib.

Bununla belə, ekspert hesab edir ki, Azərbaycanda yaxın illərdə Finlandiyadakı kimi stasionar telefon xidmətinin tam dayandırılması ehtimalı nisbətən aşağıdır.

Onun sözlərinə görə, dövlət qurumları və bəzi müəssisələr hələ də stasionar nömrələrdən istifadə edir, bəzi regionlarda bu xətlər ehtiyat rabitə vasitəsi kimi saxlanılır. Bundan başqa, bir sıra internet paketləri hələ də telefon xidməti ilə birlikdə təqdim olunur, baxmayaraq ki, istifadəçilərin əksəriyyəti həmin xidmətdən faktiki istifadə etmir.

Kamran Əsədullayevin fikrincə, Azərbaycanda daha real ssenari klassik mis kabel telefonlarının yeni abonentlər üçün mərhələli şəkildə dayandırılması, mövcud mis kabel şəbəkələrinin fiber-optik infrastrukturla əvəz olunması və telefon xidmətinin internet üzərindən işləyən VoIP xidməti formatında təqdim edilməsidir.

"Yəni gələcəkdə istifadəçi evində telefon aparatı saxlasa belə, onun işləmə prinsipi artıq köhnə analoq telefon şəbəkəsi deyil, internet bağlantısı üzərindən olacaq. Bu model hazırda Avropanın bir çox ölkəsində tətbiq olunur və telekommunikasiya sektorunun əsas inkişaf istiqamətlərindən biri hesab edilir", – deyə ekspert əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki