Pensiya ilə bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR: 2006-cı ildən əvvəl İŞLƏYƏNLƏR...

Azərbaycanda pensiya təminatı və sosial müdafiə sistemi vətəndaşları ən çox düşündürən və müzakirə olunan mövzulardan biridir. Xüsusilə 2006-cı ildən tətbiq edilən yeni qaydalar və sonradan qanunvericiliyə olunan çoxsaylı dəyişikliklər sistemdə müəyyən suallar və çətinliklər yaradıb. Mövcud pensiya kapitalından istifadə imkanları, iş stajı tələbləri və qanunvericilikdəki boşluqlar sahə mütəxəssislərinin də diqqət mərkəzindədir.

İqtisadçı-ekspert Natiq Cəfərli Referans Media-ya açıqlamasında Azərbaycandakı mövcud pensiya sistemindəki ciddi problemlərə və qanunvericilikdəki boşluqlara diqqət çəkib.

​N.Cəfərli bildirib ki, 2006-cı ildə ölkədə pensiya sisteminin dəyişdirilməsi və qanunvericiliyə yeni qaydaların tətbiq edilməsi müəyyən qarışıqlıqlara yol açıb və bu qeyri-müəyyənlik bu günə qədər də tam aradan qaldırılmayıb: "Əslində, bu daha çox hüquqşünasların rəy verəcəyi bir mövzudur. 2006-cı ildə təqaüd sistemi dəyişdiriləndə qanunvericilikdə yeni qaydalar tətbiq olundu və burada müəyyən qarışıqlıq yarandı. Təəssüf ki, həmin qarışıqlıq bu günə qədər də tam həllini tapmayıb. Pensiya və təqaüdlər haqqında qanuna dəfələrlə dəyişikliklər edilib, əlavələr olunub, nəticədə sənəddə ciddi boşluqlar yaranıb. Məsələn, pensiya kapitalı ilə bağlı ciddi problemlər var — insanların öz yığım kapitalına çıxış imkanları yoxdur."

​Ekspert vurğulayıb ki, mövcud problemlərin həlli üçün qanuna növbəti kosmetik dəyişikliklər etmək kifayət deyil, sıfırdan yeni qanunun qəbul edilməsi vacibdir: ​"Mənim yanaşmam ondan ibarətdir ki, ölkənin qarşısında duran yeni reallıqları, hədəfləri və yaranan problemləri nəzərə alaraq, sıfırdan yeni 'Təqaüd haqqında' Qanun qəbul olunmalıdır. Bu qanunda dəyişikliklər birbaşa vətəndaşların xeyrinə yönəlməlidir. İstər iş stajı, istərsə də yığım kapitalı ilə bağlı tamamilə yeni düzənləmələrə və müasir yanaşmalara böyük ehtiyac var."

Natiq Cəfərlinin qeyd etdiyi kimi, pensiya sistemində reallaşdırılacaq istənilən dəyişiklik ilk növbədə vətəndaşların sosial rifahına və şaffaf idarəetməyə xidmət etməlidir. Yığılan pensiya kapitalına çıxışın asanlaşdırılması və iş stajı ilə bağlı ədalətli mexanizmlərin qurulması yalnız yeni, müasir tələblərə cavab verən hüquqi çərçivə ilə mümkündür.

Redaksiyamız mövzu ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırdır.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki