Fransada 10 bölgədə güclü fırtına və dolu xəbərdarlığı edilib

Meşə yanğınları və rekord istilərlə mübarizə aparan Fransada daha bir təhlükə yaranıb. Ölkənin şərqində yerləşən 10 bölgədə güclü fırtına və dolu səbəbindən "narıncı" təhlükə səviyyəsi elan edilib.

Fransa Meteorologiya Xidməti (Meteo-France) günortadan sonra mərkəzi-şərq və şimal-şərq bölgələrində leysan yağışları, güclü külək və dolu gözlənildiyini açıqlayıb. Küləyin sürətinin saatda 100 kilometrə çatacağı proqnozlaşdırılır.

Ölkənin cənub-şərqində isə yüksək temperatur davam edir və 21 bölgədə isti hava ilə əlaqədar "narıncı" xəbərdarlıq qüvvədə qalır.

Qeyd edək ki, Fransa bu il tarixinin ən ağır meşə yanğınları mövsümünü yaşayır. İlin əvvəlindən indiyədək ölkədə 116 min hektardan çox ərazi yanıb və Fransa hazırda bu yay mövsümünün dördüncü isti hava dalğasının təsiri altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki