Fələstinin radikal HƏMAS hərəkatı bildirib ki, təşkilatın tərksilah edilməsi yalnız İsrail razılaşmanın bütün şərtlərini yerinə yetirdiyi, o cümlədən Qəzza zolağından tamamilə geri çəkildiyi və hücumları dayandırdığı halda mümkün ola bilər.
Referans MEDİA xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında yayımlanan bəyanatda bildirilib.
Bəyanat ABŞ Prezidenti Donald Trampın cümə axşamı HƏMAS-ın tam tərksilahına dair razılıq əldə olunduğunu açıqlamasından sonra verilib.
HƏMAS vurğulayıb ki, ağır silahların taleyi ilə bağlı məsələlər yalnız bütün hərbi əməliyyatların dayandırılması, İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması və bölgənin ən qısa müddətdə yenidən bərpası çərçivəsində müzakirə oluna bilər.
Hərəkat əlavə edib ki, razılaşmanın həyata keçirilməsi üçün inzibati komitənin fəaliyyətə başlaması, beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsi, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna təminat verilməsi və müstəqil Fələstin dövlətinin yaradılması da əsas şərtlər sırasındadır.
HƏMAS-ın bəyanatında qeyd olunub ki, razılaşmanın ikinci mərhələsinin icrası İsrailin birinci mərhələdə nəzərdə tutulan bütün öhdəlikləri tam yerinə yetirməsindən asılı olacaq.
