Çində uşaqlar azalır, yaşlılar artır: Tarixi hədd keçildi

Çində demoqrafik vəziyyətlə bağlı diqqətçəkən dəyişiklik baş verib. 65 yaş və yuxarı insanların sayı ilk dəfə 14 yaşadək uşaqların sayını ötüb. Bu tendensiya ölkədə əhalinin sürətlə yaşlanması və doğum səviyyəsinin azalması ilə bağlı narahatlıqları artırır.

Çin Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə 65 yaş və yuxarı əhalinin sayı 223,65 milyon nəfərə çatıb. Eyni dövrdə 14 yaşadək uşaqların sayı 212,76 milyon nəfərə enib. Beləliklə, yaşlı əhalinin sayı uşaqların sayını təxminən 10,9 milyon nəfər üstələyib.

Referans Media xəbər verir ki, işləyən əhaliyə düşən yaşlıların nisbəti 2024-cü ildəki 22,8 faizdən 2025-ci ildə 23,1 faizə yüksəlib. Uşaqların işləyən əhaliyə nisbəti isə eyni dövrdə 23 faizdən 22 faizə düşüb. Analitiklər hesab edirlər ki, Çin uzunmüddətli demoqrafik dəyişiklik mərhələsinə daxil olub. Əhalinin yaşlanması ilə əmək qabiliyyətli insanların ümumi əhali içərisində payının azalacağı gözlənilir.

2025-ci ildə Çində 16–59 yaş aralığında olan əhali 851,36 milyon nəfər təşkil edib. Bu, ölkə əhalisinin 60,6 faizinə bərabərdir. 65 yaş və yuxarı insanlar isə ümumi əhalinin 15,9 faizini təşkil edib.

Çində doğum səviyyəsi 2025-ci ildə hər 1 000 nəfərə 5,63 doğuşla 1949-cu ildən bəri ən aşağı göstəriciyə düşüb. Ölkə əhalisi 2022-ci ildə ilk dəfə azalmağa başlayıb. Hökumət doğum səviyyəsini artırmaq məqsədilə əvvəlcə iki, daha sonra isə üç uşağa icazə verən siyasətə keçib. Lakin iqtisadi artımın zəifləməsi, yaşayış xərclərinin və uşaq böyütmə məsrəflərinin yüksəlməsi ailələrin daha çox uşaq sahibi olmaq qərarına təsir göstərir.

Əhalinin yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə Çinin əmək bazarına, sosial təminat sisteminə və iqtisadi inkişafına təsir edə biləcək əsas demoqrafik problemlərdən biri hesab olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki