Şimal və cənub qonşularımız sülh yolunda əldə edilən böyük sıçrayışı bloklamağa hazırlaşır – məkrli planın gizlinləri
Artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano “Azad Avropa/Azadlıq” radiosunun gürcü xidmətinə müsahibə verib. Vaxtilə Dağlıq Qarabağ ixtilafı ilə bağlı “ərazi mübadiləsi” planı üzrə danışıqlarda, həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında Ki-Uestdəki müzakirələrdə iştirak etmiş diplomat müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, ABŞ-nin Cənubi Qafqazdakı rolu ilə bağlı da fikirlərini bölüşüb.
Kavano hazırkı vəziyyəti “ümid əlaməti” adlandırıb, lakin Ermənistan Konstitusiyasına düzəlişlər edilmədən sülh müqaviləsinin mümkün olmadığını vurğulayıb. Eyni zamanda xəbərdarlıq edib ki, Rusiya və İran kimi xarici aktorlar əldə edilən irəliləyişi bloklamağa və ya pozmağa cəhd edə bilər (Haqqin.az).
Onun sözlərinə görə, ABŞ-nin regiondakı təsiri müxtəlif dövrlərdə artıb və azalıb: “Ancaq Vaşinqton hazırda Qafqaz gündəliyində fəal şəkildə iştirak edir, innovativ, “kreativ” həll yolları axtarır”.
Kavano hesab edir ki, avqustun 8-də Vaşinqtonda əldə edilən Ermənistan-Azərbaycan razılaşmaları ABŞ-nin bu prosesdə daha mühüm rol oynaması üçün fürsət yaradır. Eyni zamanda o, Ermənistan cəmiyyətinin konstitusiya referendumunda necə səs verəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu bildirir və növbəti seçkilərdə sülh gündəliyinin Paşinyana uğur qazandıracağına şübhə edir.
“Təəssüf ki, aqressiv ritorika və qarşıdurma vədləri seçkilərdə sülhə yönəlmiş səylərdən daha çox rezonans doğurur. Ümid edirəm ki, Vaşinqtonda atılan addımlar hər iki tərəfə bu münaqişəyə nöqtə qoymaq ehtiyacını nümayiş etdirməyə kömək edəcək” , – deyə amerikalı diplomat qeyd edib.
Kavano habelə Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaların perspektivlərinə də şübhə ilə yanaşdığını söyləyib. O, ABŞ-nin bu nəqliyyat marşrutunun təhlükəsizliyini təmin etmək üçün ərazidə qüvvə yerləşdirmək öhdəliyi götürmədiyini, yəni Rusiya və ya İranın hərbi əməliyyatlarının istisna edilə bilməyəcəyini söyləyib.
Amerikalı sabiq həmsədr öz pessimist gözləntilərində nə dərəcədə haqlıdır? Şimal və cənub qonşularımız gerçəkdənmi sülh müqaviləsini və Zəngəzur dəhlizini əngəlləyə bilər və niyə? Belə perspektivdən necə yayınmalı?
Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bölgəyə sülh gəlib və silahlar susub. Bunun dayanıqlı olmasını arzulayan millət vəkili qeyd etdi ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülh yolunda irəliləyib, buna mane olan istənilən qüvvə düşmən olaraq qiymətləndirilməlidir: “Əgər regionda sülhü istəməyən hansısa güc varsa, deməli, müharibə tərəfdarıdır. Bunlar Ermənistanın içindəki revanşistlər, kilsədəki qüvvələr və Kremldən himayə olunan keçmiş “Qarabağ klanı”na aid elektoratdır. Həmçinin Ermənistanda İrandan qidalanan bəzi destruktiv qruplar da sülh əleyhinə təbliğat aparırlar. Deməli, Moskva və Tehranda olan dairələr koordinasiyalı hərəkət edirlər. Bu baxımdan, Azərbaycan və Ermənistan rəhbərliyi bu təxribat cəhdlərinə, sülhə qarşı təbliğata cavab olaraq normallaşma prosesini sürətləndirməlidir. Xüsusən də Paşinyan administrasiyası tələsməlidir. İlk növbədə ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Bunu nə qədər tez reallaşdırsalar, yekun sülh sazişi bir o qədər erkən imzalanar. Çünki Ermənistanda seçkilər yaxınlaşır və özəlliklə Rusiya vəziyyəti gərginləşdirməyə çalışacaq”.
Deputat vurğuladı ki, amerikalı siyasətçinin proqnozlarına baxmayaraq, Bakı və İrəvan sülh yolunda böyük məsafə qət edib, etimad mühiti möhkəmlənir, qarşılıqlı səfərlər, təmaslar var: “Rusiya və İranla yanaşı, Avropa İttifaqının da sülh prosesinə xələl gətirdiyini qeyd etmək lazımdır. Avropa İttifaqının Ermənistanla imzalanan sənədində sülh əleyhinə ifadələr yer alır. Bu mənada, biz sülhə mane olan bütün elementləri və təzyiq vasitələrini dəf etməli, tezliklə regiona dayanıqlı sülhün gəlməsinə nail olmalıyıq. Eləcə də Zəngəzur dəhlizinə nəzarət üçün Rusiya dəridən-qabıqdan çıxır, amma hər hansı müqavimət göstərə bilmir”.
Professor Elxan Mirzəyev Rusiya və İranın “mismarı eyni yerə vurduğunu” bildirdi. Onun ehtimalına görə, müttəfiq ölkələr regiona nəzarəti itirmək istəmir və bu niyyətlə sülhə əngəl olmağa çalışırlar: “Hazırda bölgədə proseslər elə cərəyan edir ki, müdaxilə imkanı qalmayıb. Azərbaycan və Ermənistan etimad mühitini gücləndirir ki, üçüncü tərəfin təsiri olmasın. Artıq bu yola çıxmışıq və sülh quruculuğuna əngəl olmaq mümkün görünmür. Əgər Rusiya və ya İran qarışmaq istəsə, dərhal etirazla qarşılanacaq. Ona görə aşkar və kobud müdaxilə edə bilmirlər”.
Onun sözlərinə görə, Rusiya 10 noyabr sənədinə qayıtmağı xəyal edir, İran isə Zəngəzur dəhlizinin açılmasının əleyhinədir: “Lakin hər iki tərəfin pozuculuq xarakteri daşıyan səyləri iflasa uğrayıb. Buna da səbəb bölgədə yeni formalaşan nizamdır. Azərbaycan hərb meydanında qələbədən sonra diplomatik cəbhədə də uğur qazanmaqdadır. Əvvəlcə vasitəçilərdən imtina olundu, ikitərəfli danışıqlarla sülh mətni hazırlandı, ardınca Vaşinqtonda paraflandı. Bu gün də delimitasiya işi gedir, yekun sülh sənədi üçün iş aparılır. Dəhliz də Trampın adını daşıyacaq deyə Rusiyanın nəzarət fürsəti əlindən çıxıb. Yəni Tehran və Moskva ciddi strateji itkilərlə üzləşib. Bu, Ukrayna, Suriya və Cənubi Qafqazda nəticələrini göstərməkdədir”.






















