Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin vurulması ilə bağlı Bakıya göndərdiyi məktub geniş müzakirələrə səbəb olub. Məktub Kreml hadisəni ört-basdır etməyə çalışması kimi dəyərləndirilir. Belə ki, Rusiya tərəfi naməlum səbəbdən cinayət işinə xitam verib.
Araşdırma Azərbaycan tərəfindən aparılırsa, Rusiya işə necə xitam verə bilər? Bu qərarın hüquqi əsası varmı və qanun nə deyir?
Referans Media xəbər verir ki , Globalinfo.az-a danışan deputat Vüqar İskəndərov deyib ki, AZAL təyyarəsinin rus hərbçiləri tərəfindən vurulması ilə bağlı kifayət qədər faktlar var.
O qeyd edib ki, Vladimir Putinin həm telefon danışığı zamanı, həm də Prezidentlə görüşü əsnasında dəfələrlə üzr istəməsi, hadisənin mahiyyəti barədə izahat verməsi və Azərbaycan tərəfinin tələbləri, yəni kompensasiyanın ödənilməsi və bu işdə əli olan şəxslərin cəlb edilməsi ilə bağlı istintaqın yekununu gözlədikdən sonra rasional qərarın veriləcəyini bildirməsinin ardınca Bastrıkinin Kamran Əliyevə ünvanladığı məktub absurd təsiri bağışlayır:
“Əvvəla, gəlin baxaq ki, Rusiya bu məsuliyyətdən necə imtina edə bilər. Cinayət işinə xitam verilməsi məsələsi belədir ki, bu məsələdə Rusiyanın öz Cinayət-Prosessual Məcəlləsinə əsasən, istintaq orqanının rəhbərinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı hüquqi qüvvəyə malik deyil. Bu, rəsmi qərar sayıla bilməz. Rusiya qanunvericiliyinə görə, cinayət işinə xitam verilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Deməli, sözügedən məktub rəsmi hüquqi qərar deyil, yalnız prosedur çərçivəsində kommunikasiya xarakteri daşıyan məlumatdır. İkinci məsələ ondan ibarətdir ki, əgər Rusiya hər hansı formada cinayət işinə və ya konkret şəxslə bağlı işə xitam verildiyini iddia edirsə, mütləq şəkildə geniş və əsaslandırılmış izahat təqdim etməli, baş vermiş hadisə ilə bağlı tam açıqlama verməli və bunu Azərbaycan tərəfinə əlaqəli formada çatdırmalıdır. Çünki Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu və Rusiya İstintaq Komitəsi arasında qarşılıqlı əməkdaşlıq mövcuddur”.
Deputatın sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, cinayət işi və ya cinayət təqibi yalnız qanunda nəzərdə tutulmuş əsaslarla və məhkəmə qərarı ilə dayandırıla bilər:
“İstintaq Komitəsinin rəhbərinin göndərdiyi məktub hüquqi qərar deyil, Azərbaycan Baş Prokurorluğuna məlumat xarakteri daşıyır. Əgər Rusiya prezidenti bu məsələ ilə bağlı müəyyən mövqe ortaya qoyursa, lakin hüquq-mühafizə orqanları fərqli mövqe ifadə edir və ya qərar verməyə cəhd göstərirsə, bu, ilk növbədə Rusiya prezidentinə qarşı təxribat kimi qiymətləndirilə bilər. Aydındır ki, Rusiya başçısı bu məsələdən tam məlumatlıdır və burada müəyyən siyasi manipulyasiya elementlərinin olduğu hiss olunur”.
Vüqar İskəndərov əlavə edib ki, burada əsas məsələ Azərbaycan tərəfinin mövqeyidir:
“Azərbaycan istintaqda Qazaxıstanla birlikdə tərəf qismində iştirak edir. Əgər desək ki, Rusiya bu istintaqdan çəkilir, Azərbaycan və Qazaxıstan istintaqı özləri apara bilərlər. Çikaqo Konvensiyasına əsasən, istintaqda iştirak hüququ hadisənin baş verdiyi dövlətə, hava gəmisinin qeydiyyat dövlətinə və operator dövlətə məxsusdur. Bu kontekstdə Azərbaycan operator və qeydiyyat dövləti, Qazaxıstan isə hadisənin baş verdiyi ərazi dövləti kimi istintaq aparmaq səlahiyyətinə malikdir. Rusiya geri çəkilsə belə, bu, istintaqın dayandırılması demək deyil. Məsələn, Rusiya öz qanunvericiliyinə əsaslanaraq prosesi dayandırmağa cəhd edərsə belə, Azərbaycan və Qazaxıstan yekun hesabat və rəsmi arayış tərtib edə bilər. Bu baxımdan, məsələnin bu mərhələdə bitdiyini demək düzgün olmaz”.
Bundan sonra atıla biləcək addımlara gəlincə, deputat qeyd edib ki, artıq beynəlxalq mexanizmlərin işə salınması vacibdir:
“Azərbaycan Aviasiya Şurasına müraciət edə, beynəlxalq aviasiya ekspertiza qurumlarını prosesə cəlb edə bilər. Eyni zamanda, sonrakı mərhələdə beynəlxalq arbitraj və məhkəmələrə müraciət olunması mümkündür. Azərbaycan bu yolla hadisənin hüquqi qiymətinin verilməsini tələb edə bilər. Bu məsələdə Rusiya mütləq şəkildə məsuliyyət daşıyır. Çünki söhbət beynəlxalq uçuşdan gedir, zərərçəkənlərin və həlak olanların sayı çoxdur və bir dövlətin məsuliyyəti xüsusilə ağırdır. Hadisədə həmin dövlətin raket sistemləri və onlara əmr verən silahlı birləşmələrin nümayəndələrinin iştirakı fakt kimi göstərilir. Yekun olaraq demək olar ki, Rusiya istintaqı formal olaraq dayandırmağa cəhd etsə belə, Azərbaycan və Qazaxıstan istintaqı davam etdirə bilər. Rusiyanın verdiyi hər hansı xitam qərarı imperativ və məcburi xarakter daşımır. Əksinə, zərərçəkmiş tərəf və digər maraqlı dövlətlər istintaqı davam etdirmək hüququna malikdirlər və bu, hazırda Azərbaycanın legitim hüququdur”.






















