“7 ay efirdə olmamaq və birdən-birə veriliş hazırlayıb tamaşaçıların qarşısına çıxmaq mənim üçün çox xoş bir hadisə oldu. Birdən-birə sözünü bilirsiniz niyə deyirəm?! Çünki həqiqətən də qısa bir zaman kəsiyində biz verilişi hazırladıq və ilk açılışını həyata keçirdik. Heç nəyi xüsusi planlaşdırmamışdım. Amma o qədər möhtəşəm alındı ki.. Elə bil aylarla oturub buna hazırlıq görmüsən. Özüm də çox bəyəndim, qonaqlar da çox gözəl iştirak etdilər. Gözəl insanlar, sənət dünyamızın gözəl simaları zəng edib xeyir-dua verdilər. Bu o qədər xoş hislər idi.. Hesab edirəm ki, qısa müddət ərzində yutubda yayımlanan “Şadlıq olsun” verilişi ən sevilən və izlənilən layihələrdən birinə çevriləcək”.
Referans Media xəbər verir ki,bunu Medianews.az-a açıqlamasında tanınmış teleaparıcı Elgiz Əkbər deyib.
Bir neçə gündür yutub platforması üzərindən verilişi yayımlanan məşhur bildirib ki, qarşıdakı həftələrdə yeni layihəsində maraqlı anlar yaşanacaq: “Mən televiziya yaxud da yutub tamaşaçılarının heç birinə fərq qoymuram. Bunu hazırkı duruma görə deyirəm. Onların hamısı Azərbaycan xalqının nümayəndələridir. Əzizlərimdir, canlarımdır. Onlar üçün nə fərqi var? Ya televizorda mənə baxdılar, ya da yutubda.. Önəmli olan budur ki, insanlar məni həmişəki kimi sevib dəstəkləsinlər”.
Qeyd edək ki, mart ayında Elgiz Əkbərin aparıcılıq etdiyi “Elgizlə izlə” verilişi bağlanıb.
