Alimlər qədim Misir mumiyalarını “iyləməyə” başlayıblar

Qədim Misir mumiyalarının özünəməxsus odunsu, ədviyyəli və şirin qoxusu alimlər üçün yeni bir araşdırma istiqaməti açır. Bristol Universitetindən olan orqanik geokimyaçılar mumiyalara zərər verən ənənəvi üsullar əvəzinə, havaya yayılan qoxu molekullarını “iyləyərək” analiz edən yeni bir texnika hazırlayıblar.

Adətən arxeoloqlar mumiyanın sarğılarından hissələr kəsərək onları məhlulda həll edib analiz edirlər. Lakin bu proses həm mumiyanın bütövlüyünü pozur, həm də bəzi molekulların parçalanmasına səbəb olur.

Yeni üsulda isə mumiyanın ətrafındakı havada mövcud olan uçucu üzvi birləşmələr (VOC) nümunə götürülərək tədqiq edilir.

Beləliklə, mumiyaya toxunmadan, yalnız yaydığı “qoxu imzası” vasitəsilə istifadə olunan materialları müəyyənləşdirmək mümkün olur.

Zamanla dəyişən mumiyalama üsulları

Avropa və İngiltərədəki muzeylərdə saxlanılan, e.ə. 2000-ci ildən eramızın 295-ci ilinə qədərki dövrə aid 19 mumya üzərində aparılan araşdırmalar mumiyalama üsullarının zamanla necə dəyişdiyini göstərib.

Erkən dövrlər: Daha sadə heyvani və bitki mənşəli yağlardan istifadə olunurdu. Sonrakı dövrlər: Tərkib daha mürəkkəbləşib; ardıc, şam, sidr kimi bitkilərdən əldə edilən bahalı yağlar, bal mumu və bitum (zift) qarışıma əlavə olunub.

Tarixləndirmə üçün yeni metod

Tədqiqatçılar müəyyən ediblər ki, müxtəlif tarixi dövrlərə aid mumiyalar fərqli qoxu tərkibinə malikdir.

Bu isə qoxu analizinin mumiyaların xronoloji təsnifatında sürətli və dağıdıcı olmayan ilkin yoxlama üsulu kimi istifadə oluna biləcəyini göstərir.

Həmçinin aydın olub ki, mumiyalama materialları yalnız bədəni qorumaq üçün deyil, eyni zamanda ölüm ilə əlaqələndirilən xoşagəlməz qoxuları maskalamaq və mikroblara qarşı müdafiə yaratmaq məqsədilə seçilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki