Türkiyənin Ankara şəhərinin Polatlı rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
Referans Media xəbər verir ki, Mehmet Akif məhəlləsində tək yaşayan 56 yaşlı Gülhan Şahin evində boğazı kəsilmiş vəziyyətdə ölü tapılıb.
Yaxınlarının onunla əlaqə saxlaya bilməməsindən sonra vəziyyət barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları evə daxil olduqda Şahinin qanlar içində yerdə uzandığını aşkar ediblər.
İlkin araşdırma zamanı kişinin kəsici alətlə boğazının kəsilərək qətlə yetirildiyi müəyyən olunub.
Hadisədən sonra Ankara Polis İdarəsinin istintaq və kriminalistika qrupları evdə geniş araşdırma apararaq maddi sübutlar toplayıb, həmçinin ərazidəki müşahidə kameralarının görüntülərini incələyiblər.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən şəxsin mərhumun qardaşı oğlu A.A. olduğu müəyyən edilib. Polis tərəfindən keçirilən əməliyyat zamanı A.A. saxlanılaraq istintaqa cəlb olunub.
Gülhan Şahinin meyiti ekspertiza üçün məhkəmə-tibb müəssisəsinə göndərilib. Faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
