Türkiyə ilə İraq arasında Ankarada keçirilən "İnkişaf Yolu" layihəsi üzrə imzalanma mərasimində yaşanan gərginliklə bağlı müzakirələrə İraqın nəqliyyat naziri Vəhb Həsəni aydınlıq gətirib. Nazir sənədi imzalamadığı barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini, gecikmənin yalnız texniki və protokol məsələlərindən qaynaqlandığını bildirib.
Referans Media xəbər verir ki, Vəhb Həsəni yazılı açıqlamasında qeyd edib ki, Türkiyə tərəfi ilə aparılan danışıqlar zamanı qarşılıqlı anlaşma memorandumunun yekun mətninin hazırlanması prosesində müəyyən texniki və protokol xarakterli çətinliklər yaranıb. Onun sözlərinə görə, imzalanma mərasimində yaşanan vəziyyət məhz bu səbəbdən ortaya çıxıb və sonradan ictimaiyyətdə yanlış şərh olunub.
Nazir vurğulayıb ki, İraqın Nəqliyyat Nazirliyi memorandumun imzalanması üçün tələb olunan bütün rəsmi prosedurları və texniki hazırlıqları tamamlayıb. O bildirib ki, "İnkişaf Yolu" layihəsi İraq üçün strateji əhəmiyyət daşıyır və hökumət bu layihənin həyata keçirilməsini tam şəkildə dəstəkləyir.
Həsəni əlavə edib ki, çərçivə xarakterli qarşılıqlı anlaşma memorandumu həmin gün bütün prosedurlar başa çatdırıldıqdan sonra imzalanıb.
Nazir həmçinin rəhbərlik etdiyi qurumun İraqın strateji mövqeyini daha da gücləndirəcək bu milli layihənin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Xatırladaq ki, iyulun 28-də Ankarada Türkiyə ilə İraq arasında keçirilən çoxtərəfli imzalanma mərasimindən sonra Vəhb Həsəninin "İnkişaf Yolu" layihəsi üzrə sənədi imzalamaqdan imtina etdiyi barədə iddialar yayılmışdı.
Bəzi məlumatlarda onun İrana yaxın olduğu, hətta İran Xarici İşlər Nazirliyindən telefonuna göndərilən mesaj əsasında sənədi imzalamamaq barədə göstəriş aldığı irəli sürülmüşdü. Lakin Həsəninin son açıqlaması bu iddiaları təkzib edib və imza prosesindəki gecikmənin yalnız texniki və protokol məsələləri ilə bağlı olduğunu bildirib.
