Qanunsuz mərc reklamı yayan şəbəkə dağıdıldı – Süni intellekt əməliyyatda həlledici rol oynadı

Türkiyədə qanunsuz mərc və narkotik dövriyyəsinə qarşı keçirilən iki genişmiqyaslı əməliyyat nəticəsində onlarla şübhəli saxlanılıb. Ədliyyə naziri Yılmaz Tunç Gürlek bildirib ki, süni intellekt dəstəkli araşdırmalar nəticəsində vətəndaşlara qanunsuz mərci təşviq edən kütləvi SMS-lər göndərən 33 nəfər tutulub, digər əməliyyatda isə bazar dəyəri təxminən 2,1 milyard lirə olan 3 ton preqabalin maddəsi ələ keçirilib.

Referans Media xəbər verir ki, Nazirin sözlərinə görə, İstanbul Respublika Prokurorluğunun Qanunsuz Mərc və İdman Araşdırmaları Bürosunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində vətəndaşların mobil telefonlarına qanunsuz mərc reklamı məzmunlu mesajlar göndərən şəbəkə müəyyən edilib.

İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin tətbiq etdiyi süni intellekt əsaslı analiz sistemləri və müasir alqoritmlər vasitəsilə şübhəlilərin izi aşkarlanıb. Araşdırma zamanı əsasən 0850 prefiksli nömrələrdən istifadə etməklə kütləvi SMS göndərən 33 nəfər İstanbul mərkəzli əməliyyat nəticəsində saxlanılıb.

Digər əməliyyat isə Bakırköy Respublika Prokurorluğunun rəhbərliyi ilə İstanbul Vilayət Jandarma Komandanlığı və Gömrük Mühafizə və Kəşfiyyat İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Ambarlı Limanına yan alan Çin bayraqlı yük gəmisindəki konteynerə baxış zamanı Cənubi Asiyadan gətirildiyi müəyyən edilən 3 ton preqabalin maddəsi aşkarlanıb. Yaşıl reseptlə satılan dərman preparatlarının istehsalında istifadə olunan bu maddənin qanunsuz dövriyyəsinin bazar dəyərinin 2 milyard 100 milyon lirə olduğu bildirilib.

Əməliyyat çərçivəsində nəzarətli çatdırılma və texniki izləmə tədbirləri həyata keçirilib. Nəticədə hadisədə istifadə olunan yük maşını müsadirə olunub, cinayət şəbəkəsi ilə əlaqəli olduğu müəyyən edilən 3 şübhəli saxlanılıb və onların rəqəmsal daşıyıcıları götürülərək ekspertizaya göndərilib.

Ədliyyə naziri bildirib ki, hüquq-mühafizə orqanları texnologiyanın bütün imkanlarından istifadə edərək cinayətkar şəbəkələrə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək. O vurğulayıb ki, xüsusilə gəncləri və vətəndaşları hədəf alan qanunsuz fəaliyyətlərə qarşı heç bir güzəşt edilməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki