Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Fransada evinin həyətində üzgüçülük hovuzu tikdirmək üçün qazıntı işlərinə başlayan şəxs gözlənilməz şəkildə böyük sərvətlə qarşılaşıb. Torpağın altından 5 qızıl külçə və yüzlərlə qızıl sikkə tapılıb. Təxminən 800 min dollar dəyərində olduğu bildirilən tapıntının hüquqi araşdırmalardan sonra tamailə ev sahibinə məxsus olduğu təsdiqlənib.

Referans Media xəbər verir ki, Fransanın Lion şəhəri yaxınlığındakı Nevill-sür-Saon qəsəbəsində yaşayan ev sahibi əmlakı təxminən bir il əvvəl satın alıb. Qazıntı zamanı aşkar etdiyi qızıllar barədə dərhal aidiyyəti qurumlara məlumat verib.

Bundan sonra Fransa Mədəniyyət Nazirliyinin Regional Arxeologiya İdarəsi (DRAC) və hüquq-mühafizə orqanları araşdırma aparıblar. Mütəxəssislər müəyyən ediblər ki, plastik torbalarda saxlanılan qızılların təxminən 15–20 il əvvəl torpağa basdırıldığı ehtimal edilir. Bu səbəbdən tapıntı tarixi abidə kimi qiymətləndirilməyib və dövlət mülkiyyətinə keçirilməsi üçün hüquqi əsas yaranmayıb.

Araşdırma zamanı qızıl külçələrinin üzərindəki seriya nömrələri yoxlanılıb. Məlum olub ki, onlar Lion bölgəsində fəaliyyət göstərən lisenziyalı emal müəssisəsində hazırlanıb və heç bir oğurluq, dələduzluq və ya digər cinayət hadisəsi ilə əlaqəli deyil.

İstintaq həmçinin müəyyən edib ki, qızıllar torpaq sahəsinin əvvəlki, artıq vəfat etmiş sahibi tərəfindən gizlədilib. Onlarla bağlı hər hansı vəsiyyət, rəsmi qeydiyyat sənədi və ya hüquq iddia edən varis də aşkar edilməyib.

Fransanın Mülki Məcəlləsinə əsasən, şəxsi mülkiyyətdə təsadüfən aşkar olunan, sahibi müəyyən edilməyən və ya hüquqi iddiaçısı olmayan dəfinələr onları tapan şəxsə məxsus sayılır.

Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra istintaq işi bağlanıb və tapılan qızıllar adı açıqlanmayan ev sahibinə təhvil verilib./Musavat.com /


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki