Moskva vilayətində model sevgilisini öldürərək cəsədini parçaladığı iddia edilən şəxsin cinayət günü təhlükəsizlik kameralarına düşən görüntüləri yayılıb.
Referans Media "112" Telegram kanalına istinadən xəbər verir ki, 18 iyul tarixində şübhəlinin iti ilə birlikdə binadan çıxdığı görünür. Məhz həmin itin köməyi ilə sonradan modelin cəsədinin qalıqlarının olduğu çanta tarlada aşkarlanıb.
İlkin məlumata əsasən, görüntülər modelin qətlə yetirilməsindən sonraya aiddir. Bildirilir ki, qadının itkin düşməsindən sonra şübhəli bir neçə gün ərzində mənzildən müxtəlif çantalar çıxarıb.
Kanalın məlumatına görə, modelin cəsədinin qalıqları bir gün əvvəl tarlada tapılıb. Çantanın yeri ərazidə dolaşan itin davranışı sayəsində müəyyən edilib.
Məlumata görə, model sonuncu dəfə 17 iyul tarixində iti ilə birlikdə evdən çıxarkən görülüb. Onu son görən şəxs sevgilisi və əsas şübhəli hesab olunan partnyoru olub. Həmin gün onların arasında mübahisə baş verdiyi bildirilir.
Qadının yoxa çıxmasından sonra şübhəli Rusiyanı tərk edib. Onun hazırda Türkiyədə ola biləcəyi ehtimal edilir. Hüquq-mühafizə orqanları həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.
