Türkiyənin bir neçə bölgəsində davam edən meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Ən ağır vəziyyət Aydın və Balıkesir vilayətlərində müşahidə olunur. Balıkesirdə başlayan yanğın güclü küləyin təsiri ilə İzmirin Berqama rayonuna qədər yayılıb, Aydında isə alovun yaratdığı dağıntının miqyası gün işığında aydın görünməyə başlayıb.
Referans Media xəbər verir ki, Aydının Çinə rayonunun Madran dağı ərazisində dünən günorta saatlarında başlayan meşə yanğını ikinci gündür davam edir. Güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğının söndürülməsinə Meşə Regional İdarəsinin koordinasiyası ilə 9 helikopter, 3 təyyarə, 42 yanğınsöndürən maşın, 9 su çəni, 4 buldozer və 315 əməkdaş cəlb olunub. Əməliyyata AFAD, jandarma, polis, təcili tibbi yardım xidmətləri, Dövlət Su İşləri İdarəsi, bələdiyyələr və könüllülər də dəstək verir.
Gecə saatlarında küləyin zəifləməsi yanğınsöndürmə işlərini nisbətən asanlaşdırıb və alovun böyük hissəsi nəzarət altına alınıb. Lakin səhər saatlarında dronla çəkilən görüntülər geniş meşə sahələrinin tamamilə yandığını və ərazinin külə çevrildiyini ortaya qoyub.
Balıkesirin Gömeç rayonunda isə meşədənkənar ərazidə başlayan yanğın güclü küləyin təsiri ilə meşəyə keçərək üçüncü gündür davam edir. Alovlar artıq İzmirin Berqama rayonuna qədər yayılıb.
Yanğının söndürülməsinə 7 təyyarə, 7 helikopter, 80 yanğınsöndürən maşın, 40 yanğınsöndürmə avtomobili, 57 su çəni, 13 buldozer, 25 ekskavator və qreyder, 3 TOMA, 8 təcili yardım avtomobili, 455 əməkdaş və 60 meşə könüllüsü cəlb edilib.
Güclü və istiqamətini tez-tez dəyişən külək səbəbindən alov yaşayış məntəqələrinə yaxınlaşıb. Təhlükəsizlik məqsədilə Hacıvəlilər, Tıfıllar və Çamoba məhəllələrindən ümumilikdə 53 nəfər dövlət yataqxanasına yerləşdirilib. Rəsmilər tam təxliyə qərarı verilmədiyini, yalnız qismən təxliyənin həyata keçirildiyini bildiriblər.
Yanğın nəticəsində bəzi tövlələr yanıb, jandarma və xilasedicilər ərazidəki heyvanların xilas edilməsi üçün əməliyyat aparıblar.
Balıkesir Valiliyinin məlumatına görə, yanğının söndürülməsi zamanı 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatına təhlükə olmadığı bildirilib.
Hazırda dağlıq relyef və güclü külək səbəbindən yanğının tam nəzarət altına alınması istiqamətində işlər davam etdirilir. Rəsmilərin açıqlamasına görə, alovun təsirinə məruz qalan ərazi 1000 hektardan çoxdur və havanın işıqlanması ilə havadan müdaxilə yenidən bərpa olunub.
