Qapını açan kimi atəş açdı – Mersində şok hadisənin görüntüləri yayıldı

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda yerləşən tətil kompleksinin idarə heyətinin sədri silahlı hücuma məruz qalıb. Kimliyini gizlətmək üçün kask taxan naməlum şəxs ona yaxınlaşaraq ayaqlarına ard-arda atəş açıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Referans Media xəbər verir ki, hadisə Erdemli rayonundakı tətil komplekslərindən birində baş verib. Əldə olunan məlumata görə, kask taxaraq kimliyini gizlədən naməlum şəxs idarə heyətinin sədrinə yaxınlaşıb və tapança ilə ayaqlarına bir neçə dəfə atəş açıb. Hücumçu hadisə yerindən qaçıb, qan içində qalan zərərçəkənə isə ətrafdakı şəxslər yardım göstərərək polis və təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn həkimlər ilkin tibbi yardım göstərdikdən sonra yaralını xəstəxanaya aparıblar. Onun vəziyyəti ilə bağlı araşdırmalar davam edir.

Məlum olub ki, tətil kompleksinin rəhbəri təxminən bir ay əvvəl də naməlum şəxs və ya şəxslərin yumruqlu hücumuna məruz qalmışdı.

Silahlı hücum anı kompleksin təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Kadrlarda kasklı şəxsin sakit şəkildə zərərçəkənə yaxınlaşaraq silahdan atəş açdığı, daha sonra isə sürətlə hadisə yerindən uzaqlaşdığı görünür.

Polis hücumçunun şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində araşdırmaları davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki