Azərbaycanda həbsdə olan erməni hərbi canilərin paytaxtın Qaradağ rayonunda yerləşən qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürüldüyü xəbəri yayılıb. Referans Media bildirir ki, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. Erməni məhbusların Avropa Məhkəməsində maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan məlumatı açıqlayıb. O, erməni saytına bildirib ki, Ruben Vardanyan və digər erməniəsilli məhbuslar Umbakı həbsxana kompleksinə yerləşdirilib.
Xatırladaq ki, Azərbaycanda həbsdə olan, Qarabağdakı keçmiş xunta rejimin liderlərinə fevralın 5-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Qarabağdakı keçmiş separatçı rejimin “prezidenti” olmuş Arayik Harutyunyan, habelə Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib. “Prezident” vəzifəsi daşımış digər şəxslər Arkadi Qukasyan və Bako Sahakyana 20 il həbs cəzası verilib. Madat Babayana və Melikset Paşayana 19, Qarik Maritosyana 18, Davit Allahverdiyana 16, Vasili Beqloryan, Qurgen Stperayan və Erik Qazaryana isə 15 il müddətinə həbs cəzası verilib. Eyni zamanda, Ruben Vardanyana 20 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar. Onlar 2023-cü ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatından sonra saxlanılıb.
Onu da deyək ki, Umbakı həbsxana kompleksinin ümumi saxlanma limiti 1300 nəfərdir və 19 müxtəlif rejimli kamera tipli korpuslardan ibarətdir. Umbakı Penitensiar Kompleksi 17 noyabr 2023-cü ildə rəsmi olaraq açılıb. Kompleks qarışıq rejimli olmaqla iki zonadan ibarətdir: cəzaçəkmə müəssisəsi və istintaq təcridxanası. Cəzaçəkmə müəssisəsində ağır və digər cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılır.























