Füzulinin neçə faizi minalardan təmizlənib? – Rəsmi

“Füzuli rayonunun təxminən 18.42 faizi hələ də minalardan təmizlənməyib”.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Mədəniyyət mərkəzdə: Ortaq gələcəyə aparan təhlükəsiz yollar” adlı panel sessiyada deyib.

O bildirib ki, xoşbəxtlikdən, Füzulinin böyük hissəsi artıq təmizlənib:

“Bu, olduqca vacibdir, çünki Füzuli Qarabağın hava qapısı, eləcə də bütün region üçün infrastruktur və nəqliyyat mərkəzi hesab olunur. Füzuli ərazisində indiyədək təxminən 53 min mina aşkarlamışıq. Xocavənddə isə görüləsi işlər hələ çoxdur. Hazırda rayon ərazisinin yalnız təxminən 20 faizi minalardan təmizlənib. Ağdamda da təmizləmə işləri aparılır. Yanaşmamızın birinci mərhələsi təhlükəsizliyin təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş əraziləri kontekstində bu, ilk növbədə, minaların təmizlənməsi deməkdir”.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda yaradılacaq abidə kompleksi işğaldan azad edilmiş ərazilərdəki ən böyük belə kompleks olacaq:

“Onun təxminən 22 hektar ərazini əhatə etməsi nəzərdə tutulur. Füzulidə isə Zəfər Muzeyi yaradılacaq. Muzeydə 3D texnologiyalarından və müasir sərgiləmə üsullarından istifadə olunacaq. Burada Füzuli şəhərinin azad edilməsi uğrunda aparılmış hərbi əməliyyatları vizual şəkildə görmək mümkün olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki