Avropada isti hava dalğaları daha tez-tez və şiddətli olacaq

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) İqlim Məlumatları Bölməsinin rəhbəri Con Kennedi bildirib ki, Avropada bu il müşahidə olunan güclü isti hava dalğalarının gələcəkdə daha tez-tez, daha intensiv və uzunmüddətli olması gözlənilir.

Referans Media xəbər verir ki, onun sözlərinə görə, bu tendensiya əsasən iqlim dəyişikliyi və istixana qazlarının yaratdığı qlobal istiləşmə ilə bağlıdır. Son 30 ildə Avropa digər qitələrə nisbətən daha sürətlə istiləşib. Hava çirkliliyinin azalması isə günəş şüalarının səthə daha çox çatmasına və temperaturun yüksəlməsinə təsir göstərir.

Kennedi qeyd edib ki, ekstremal istilər insan sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına, nəqliyyat və enerji infrastrukturuna, su ehtiyatlarına və ekosistemlərə ciddi təsir göstərir. Az yağıntılar çaylarda suyun azalmasına, bəzi bölgələrdə isə enerji istehsalında problemlərə səbəb olub.

Ekspertin sözlərinə görə, qlobal istiləşmə davam etdikcə Avropada isti hava dalğaları daha sıx, güclü və uzunmüddətli xarakter alacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki