Sosial şəbəkələrdə ödənişli abunə sistemi vasitəsilə aylıq 1,2 milyon TL gəlir əldə etdiyini və xərclər çıxıldıqdan sonra 600 min TL qazancının qaldığını açıqlayan fenomen Fatma Soydaş saxlanılıb. Onun barəsində dini dəyərləri təhqir etmə ittihamı ilə cinayət işi başlanıb. Eyni zamanda, Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında sosial media hesablarına giriş də məhdudlaşdırılıb.
Referans Media xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə İstanbulda saxlanılan Fatma Soydaşın TikTok və Instagram platformalarında paylaşdığı məzmunun "cəmiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə alçaltma" əlamətləri daşıdığı bildirilib. Bu səbəbdən prokurorluq tərəfindən onun barəsində öz təşəbbüsü ilə araşdırma başladılıb.
Yerli KİV-in məlumatına görə, fenomenin sosial media hesablarına girişin məhdudlaşdırılması tələbi Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən irəli sürülüb. Prokurorluğun qərarı ilə onun hesablarına giriş məhdudiyyəti tətbiq edilib.
Fatma Soydaş son günlər yalnız paylaşımları ilə deyil, həm də aylıq qazancı ilə geniş müzakirələrə səbəb olmuşdu. O, qatıldığı proqramların birində ödənişli abunə sistemindən əldə etdiyi gəliri belə açıqlamışdı:
"Hazırda abunə haqqı 60 lirədir və təxminən 20 min abunəçim var. Bu da aylıq 1 milyon 200 min lirə gəlir edir. Təxminən 600 min lirə xərclərə gedir, qalan 600 min lirə isə mənim qazancım olur. Bu, həqiqətən də çox yaxşı puldur."
Qeyd edək ki, Fatma Soydaş daha əvvəl də sosial şəbəkələrdə paylaşdığı videolar və açıqlamaları ilə dəfələrlə müzakirə mövzusu olmuşdu. Hazırda onunla bağlı istintaq tədbirləri davam etdirilir.
