Tiktoker "Arzum 9999" azadlıqdadır, amma... – Bu qadağanı pozsa, onu nə gözləyir?

Bakı Apellyasiya Məhkəməsi "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edərək barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Məhkəmənin qərarına əsasən, ona sosial şəbəkələrdən istifadə etmək də qadağan olunub. Bəs bu qadağa hüquqi baxımdan hansı öhdəliklər yaradır? Şəxs qadağanı pozaraq paylaşım etsə, canlı yayım açsa və ya başqa hesab vasitəsilə fəaliyyət göstərsə, onu hansı hüquqi məsuliyyət gözləyir?

Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran hüquqşünas Xəyal Məmmədov bildirib ki, ilk növbədə qətimkan tədbiri ilə məhkəmə hökmü anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.

Onun sözlərinə görə, cəmiyyətdə bəzən belə fikir formalaşır ki, şəxsin həbsdən ev dustaqlığına keçirilməsi onun cəzadan azad olunması və ya bəraət alması deməkdir. Hüquqi baxımdan isə bu yanaşma düzgün deyil.

"Burada dəyişən hökm deyil, yalnız qətimkan tədbiridir. Yəni cinayət işi üzrə yekun qərar hələ verilməyib və ya qanuni qüvvəyə minməyib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən, qətimkan tədbirləri cinayət prosesinin normal gedişini təmin etmək məqsədilə tətbiq olunur. Həmin Məcəllənin 163-cü maddəsinə görə isə ev dustaqlığı seçilərkən məhkəmə şəxsin üzərinə müəyyən öhdəliklər və qadağalar qoya bilər. Bu qadağalara yaşayış yerini tərk etməmək, müəyyən şəxslərlə əlaqə saxlamamaq, internetdən və sosial şəbəkələrdən istifadə etməmək də daxildir.

Əgər məhkəmə qərarında sosial şəbəkələrdən istifadə qadağan olunubsa, həmin qadağa tam şəkildə yerinə yetirilməlidir. Şəxsin öz hesabından paylaşım etməsi, canlı yayım açması, başqa profil və ya üçüncü şəxsin hesabı vasitəsilə fəaliyyət göstərməsi də məhkəmə qərarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ hesabın adına deyil, həmin paylaşımı və ya fəaliyyəti faktiki olaraq kimin həyata keçirməsinə baxılmasıdır.

Hüquqi təcrübəmə və müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi insanlar düşünürlər ki, başqa hesabdan istifadə etməklə məsuliyyətdən yayına bilərlər. Bu, hüquqi baxımdan yanlış fikirdir. Əgər araşdırma zamanı həmin paylaşımın və ya canlı yayımın qadağa qoyulmuş şəxs tərəfindən edildiyi müəyyən olunarsa, bu, məhkəmə qərarının pozulması hesab edilə bilər.

Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən, şəxs məhkəmənin müəyyən etdiyi öhdəlikləri pozduqda və ya bunun üçün əsaslar yarandıqda qətimkan tədbiri dəyişdirilə bilər. Bu isə o deməkdir ki, ev dustaqlığının şərtlərinin pozulması daha ağır qətimkan tədbirinin, o cümlədən həbs qətimkan tədbirinin yenidən seçilməsi ilə nəticələnə bilər.

Mənim hüquqi məsləhətim ondan ibarətdir ki, barəsində ev dustaqlığı seçilmiş hər bir şəxs məhkəmə qərarında göstərilən bütün qadağalara ciddi əməl etsin. Bəzən sosial şəbəkədə edilən bir paylaşım və ya bir neçə dəqiqəlik canlı yayım belə hüquqi baxımdan ciddi nəticələr yarada bilər.

Məhkəmə qərarlarına əməl etmək hər bir şəxsin qanuni öhdəliyidir. Bu öhdəliklərin pozulması isə hüquqi vəziyyəti ağırlaşdıra, hətta şəxsin yenidən həbs olunmasına səbəb ola bilər.

Mən hər zaman tövsiyə edirəm ki, məhkəmə prosesi yekunlaşana qədər emosional addımlardan çəkinilsin, sosial şəbəkələrdə aktivlik göstərilməsin və məhkəmənin müəyyən etdiyi bütün şərtlərə tam riayət olunsun. Bu, sonradan yarana biləcək əlavə hüquqi problemlərin qarşısını almağın ən düzgün yoludur".

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki