Azərbaycanda doğum göstəricilərinin azalması fonunda uşaqpulunun bərpası, çoxuşaqlı ailələrə əlavə sosial dəstəyin göstərilməsi və mənzil təminatı ilə bağlı təkliflər yenidən müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, bu cür təşəbbüslər müəyyən müsbət təsir göstərə bilsə də, doğum səviyyəsinin uzunmüddətli artımı üçün təkcə maliyyə dəstəyi kifayət etmir. Onların fikrincə, demoqrafik siyasət məşğulluq, mənzil, təhsil və səhiyyəni də əhatə edən kompleks yanaşma üzərində qurulmalıdır.
Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda doğum göstəricilərinin azalması demoqrafik baxımdan ciddi siqnaldır və bu tendensiyanın qarşısının alınması üçün sosial siyasətin gücləndirilməsi vacibdir.
Ekspertin sözlərinə görə, uşaqpulunun bərpası, çoxuşaqlı ailələrə əlavə güzəştlərin verilməsi və mənzil təminatı kimi tədbirlər ailələrin maddi yükünü müəyyən qədər azalda bilər. Lakin beynəlxalq təcrübə göstərir ki, təkcə maliyyə dəstəyi doğum səviyyəsini uzunmüddətli dövrdə əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət etmir.
Akif Nəsirli qeyd edib ki, ailələr uşaq sahibi olmaq qərarını yalnız verilən müavinətin məbləğinə görə vermirlər. Onlar gələcəkdə sabit gəlir, mənzil şəraiti, keyfiyyətli təhsil və səhiyyə xidmətləri, uşaq bağçalarının əlçatanlığı, eləcə də məşğulluq imkanlarını da nəzərə alırlar. Bu səbəbdən doğum səviyyəsinin artırılması üçün kompleks ailə siyasətinə ehtiyac var.
İqtisadçı dövlət büdcəsinin imkanlarına da toxunaraq bildirib ki, belə proqramların tətbiqi kifayət qədər böyük maliyyə vəsaiti tələb edir.
Onun sözlərinə görə, əgər uşaqpulu bütün uşaqları əhatə edərsə, bu, hər il dövlət büdcəsindən yüz milyonlarla, hətta milyardlarla manat əlavə vəsait ayrılmasını tələb edə bilər. Buna görə də sosial dəstək mexanizmlərinin mərhələli və ünvanlı şəkildə tətbiqi daha məqsədəuyğundur. Məsələn, aztəminatlı və çoxuşaqlı ailələr, eləcə də müəyyən yaşa qədər uşaqları olan ailələr üçün daha geniş dəstək paketləri nəzərdə tutula bilər.
Akif Nəsirli hesab edir ki, dörd və daha çox uşağı olan ailələrin mənzillə təmin edilməsi də müsbət təşəbbüs ola bilər. Lakin bunun davamlı nəticə verməsi üçün aydın meyarların müəyyənləşdirilməsi, şəffaf seçim mexanizminin yaradılması və kifayət qədər maliyyə təminatının olması vacibdir. Əks halda, belə proqramların əhatə dairəsi məhdud qalacaq.
Ekspert sonda vurğulayıb ki, sosial təşəbbüslər doğum səviyyəsinin azalmasının qarşısının alınmasına müəyyən töhfə verə bilər. Ancaq real və uzunmüddətli nəticələr əldə etmək üçün maliyyə dəstəyi məşğulluq, mənzil siyasəti, təhsil, səhiyyə və ailələrin sosial rifahını yüksəldən digər tədbirlərlə paralel həyata keçirilməlidir. Onun fikrincə, yalnız kompleks yanaşma ölkədə demoqrafik vəziyyətə davamlı müsbət təsir göstərə bilər.
Gülnaz Abdullazadə
