Almaniya və Rusiya nümayəndələrinin Bakıda keçirdiyi iddia olunan gizli görüş ətrafında müzakirələr davam edir. Prezident İlham Əliyevin bu görüşdən rəsmi Bakının əvvəlcədən xəbərdar edilmədiyini açıqlaması hadisənin diplomatik və təhlükəsizlik aspektlərini yenidən gündəmə gətirib. Politoloq Aydın Quliyev hesab edir ki, məsələ təkcə qeyri-rəsmi təmas deyil, həm də Azərbaycanın suverenliyi və təhlükəsizlik maraqları baxımından ciddi suallar doğurur.
Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran politoloq Aydın Quliyev bildirib ki, Angela Merkelin administrasiyasının rəhbəri olmuş şəxsin və Rusiya rəsmilərinin Bakıda bir neçə il əvvəl gizli görüş keçirməsi köklü nəticələr doğura biləcək hadisədir.
Ekspertin sözlərinə görə, həmin görüş Ukrayna müharibəsinin ilk mərhələsinə təsadüf edib və maraqlıdır ki, onun Bakıda keçirilməsi artıq rəsmi səviyyədə də təsdiqlənib.
Politoloq qeyd edib ki, düşündürücü məqamlardan biri də Azərbaycan rəhbərliyinin bu görüş barədə əvvəlcədən məlumatlandırılmamasıdır.
"Azərbaycan bir çox geosiyasi görüşlər üçün platforma olduğu kimi, belə bir görüşün keçirilməsinə də etiraz etməzdi və onun təhlükəsiz şəkildə təşkil olunması üçün lazımi şəraiti təmin edərdi. Lakin Azərbaycana rəsmi məlumat verilmədən belə bir görüşün Bakıda keçirilməsi Rusiya və Almaniya tərəfinin seçimidir", – deyə o bildirib.
Aydın Quliyevin fikrincə, bu hadisə ilə bağlı Azərbaycanın həm Rusiyaya, həm də Almaniyaya ünvanlayacağı ciddi suallar var.
"Əgər Azərbaycana əvvəlcədən xəbər verilmədən belə bir qapalı görüş Bakıda keçirilibsə, bu, hər iki ölkənin Azərbaycana münasibəti baxımından xoş mənzərə yaratmır. Ola bilsin ki, onlar Bakının təhlükəsiz mühitini nəzərə alaraq bu seçimi ediblər. Ancaq görüşün mahiyyətində Azərbaycana qarşı açıq və şəffaf münasibət görmək olmur", – deyə politoloq vurğulayıb.
Ekspert hesab edir ki, rəsmi Bakının məlumatı olmadan belə bir görüşün keçirilməsi müəyyən risklər də yarada bilərdi.
Onun sözlərinə görə, həmin görüş zamanı hər hansı fövqəladə hadisə baş versəydi, bu, iştirakçıların təhlükəsizliyi ilə bağlı ciddi problemlər yarada və məsuliyyət məsələsini gündəmə gətirə bilərdi.
"Təsəvvür edin ki, Angela Merkelin keçmiş aparat rəhbəri və Rusiya tərəfini təmsil edən yüksək səviyyəli şəxs Bakıda olarkən hər hansı fövqəladə hadisə baş verirdi. Belə olan halda Azərbaycan onların təhlükəsizliyinə görə əvvəlcədən məsuliyyət daşımadığı halda, hadisə ilə bağlı izahat vermək məcburiyyətində qala bilərdi. Bu isə əlavə risklər yaradırdı", – deyə o bildirib.
Politoloqun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan tərəfinin məsələyə həssas yanaşması tamamilə başadüşüləndir.
"Həm Rusiya, həm də Almaniya bu görüşün niyə Azərbaycan tərəfi məlumatlandırılmadan və rəsmi Bakının xəbəri olmadan keçirildiyini izah etməlidir. Çünki belə bir addım Azərbaycanın təhlükəsizlik maraqları baxımından risk yaradırdı və həmin riskin mümkün nəticələrinin məsuliyyəti müəyyən mənada Azərbaycanın üzərinə düşə bilərdi", – deyə Aydın Quliyev əlavə edib.
Gülnaz Abdullazadə
