Ən təhlükəli yağ hansıdır? - Mütəxəssis marqarinlə bağlı ciddi xəbərdarlıq etdi

Son illər sağlam qidalanma ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də süfrələrdən əskik olmayan yağ seçimidir. Marqarin, kərə yağı, yoxsa zeytun yağı? Hansı daha sağlamdır, hansının ürək-damar sistemi üçün riski azdır və hansı yağ gündəlik qidalanmada üstünlük təşkil etməlidir?

Mütəxəssislər bildirirlər ki, bu seçim uzunmüddətli sağlamlığa birbaşa təsir göstərən amildir. Xüsusilə sənaye üsulu ilə istehsal olunan bəzi yağların tərkibindəki trans yağlar və doymuş yağ turşuları ürək-damar xəstəlikləri, piylənmə və digər xroniki problemlərin yaranma riskini artıra bilər. Bəs marqarin həqiqətən də ən zərərli yağ hesab olunurmu? Kərə yağı nə dərəcədə təhlükəsizdir? Zeytun yağı niyə sağlam qidalanmanın əsas simvollarından biri sayılır?

Musavat.com bildirir ki, mövzu ilə bağlı qida mütəxəssisi Ağa Salamov qeyd edib ki, marqarinin sağlamlığa təsiri onun istehsal texnologiyası və tərkibindəki yağ turşularının növündən birbaşa asılıdır:

"Hidrogenizasiya prosesi nəticəsində yaranan trans yağlar qanda lipid balansını pozur. Bu yağlar LDL ("pis" xolesterin) səviyyəsini artırır, HDL ("yaxşı" xolesterin) səviyyəsini isə azaldır. Nəticədə damar divarlarında aterosklerotik lövhələrin əmələ gəlməsi sürətlənir və ürək-damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə yüksəlir.

Ağa Salamov həmçinin qeyd edib ki, bazarda satılan marqarinlərin bir qismi palma yağından hazırlanır. Palma yağı isə ucuz və texnoloji baxımdan davamlı olduğuna görə qida sənayesində geniş istifadə edilsə də, tərkibində doymuş yağ turşularının yüksək olması damar sağlamlığı üçün arzuolunmaz hesab edilir:

"Bundan əlavə, sənaye emalı zamanı trans yağların yaranma ehtimalı da artır ki, bu da məhsulun sağlamlıq üçün riskini daha da yüksəldir.

Marqarinlərdə omega-6 yağ turşularının miqdarı da yüksək olur. Omega-6 yağ turşuları orqanizm üçün zəruri olsa da, onların həddindən artıq qəbulu xroniki iltihabı prosesləri gücləndirə bilər. Uzunmüddətli iltihab isə metabolik sindrom, insulin müqaviməti və digər xroniki-degenerativ xəstəliklərin yaranma riskini artırır. Məhz bu səbəbdən həkimlər marqarindən mümkün qədər az istifadə etməyi, onun əvəzinə isə daha təbii yağlara – xüsusilə zeytun yağına və təbii kərə yağına üstünlük verməyi tövsiyə edirlər. Bununla belə, bu məhsulların da normadan artıq deyil, balanslı şəkildə istehlak olunması vacibdir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki