Bildiyiniz kimi, artıq imtahan nəticələri elan olunub. Nəticədə bəzi ailələrdə valideynlərin az bal toplayan şagirdlərə təziqləri başlayıb. Hər kəsə məlum olduğu kimi, hər il imtahan nəticələrinin elanından sonra abituriyentlərin evdən qaçması, intihar etməsi ilə bağlı xəbərlər eşidirik.
Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Valideynlər və məktəb şagirdlərə necə yanaşmalıdır?
Psixoloq Aytən Ələkbərova Referans.az-a verdiyi açıqlamada bu sualları cavablandırıb.
“Bu dövrlərdə bəzi valideynlər övladlarını psixoloqa gətirirlər amma özlərinin nə qədər psixoloqa ehtiyacları olduqlarını duymurlar. Onlar övladlarına dayanmadan, usanmadan ancaq oxu deyirlər. Məsələn, valideyn deyir ki, övladıma nə vaxt dərs oxu desəm, deyir ki, mən acmışam. Amma bu valideyn, əslində, başa düşmür ki, bu emosional aclıqdır. Abituriyent bütün günü hazırlıqlarda ayaq üstə ora-bura qaçaraq yemək yedikdə ondan hansı potesialı gözləmək olar?. Valideyn birinci növbədə bunu düşünməlidir. Hələ bunlara baxmayaraq, bizim abituriyentlərimiz çox qəhrəmancasına yanaşırlar bu məsələyə. Qarşılarına qoyduqları məqsədə necə olur-olsun nail olurlar. Təəssüflər olsun ki, biz özümüz də qazana bilmədiyimiz nailiyyətlərimizi övladlarımızdan gözlüyürük. Onların psixoimmunitetlərinin bunlara tab gətirəcəyini bildikləri halda digərləri ilə müqayisə edirik, sən də bu balı toplamalısan deyirik. Sözsüz ki, burada ilk addım valideynin üzərinə düşür. Valideyn övladı ilə empatiya qurarkən çalışmalıdır ki, idraki empatiya qursunlar. Empatiyanın özünün də iki növü var: hissi və idraki. Düzdür, idraki empatiya daha çox kişilərdə mövcud olur. Lakin yaxşı olardı ki, hər iki valideyn bunu etsin. Bu zaman onlar övladlarının ağrı-acılarını daha yaxşı başa düşəcəklər”.
Psixoloq qeyd edib ki, belə nüanslarda valideynlər xüsusilə diqqətli olmalıdırlar. Çünki bəzən bu mövzuda manipulyativ abituriyentlər də az olmur.
“Bu proses dövründə hər iki tərəf səbrli olmalı və məntiqlə yanaşmalıdır. Əks halda olduqca mənfi hadisələr baş verə bilər. Nəticədə, intihar halları, eləcə də valideynlərdə ürək tutmalar və s. hadisələrin sayı artır”.
Fidan Vəlisoy
