Putin yeni müharibəyə hazırlaşır: Kəşfiyyat məlumatları və ekspert rəyləri
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanovun açıqlamasına görə, Rusiya 2036-cı ilə qədər Sovet İttifaqının dağılmasından bəri ən böyük silahlanma proqramını həyata keçirməyi planlaşdırır və bu məqsədlə təxminən 1,1 trilyon ABŞ dolları xərcləyəcək. Bu proqram çərçivəsində Moskva və Leninqrad hərbi dairələrinin yaradılması, yeni diviziya və hərbi birləşmələrin formalaşdırılması nəzərdə tutulub. Budanov qeyd edir ki, bu addımlar Rusiyanın genişmiqyaslı müharibəyə hazırlaşmasının açıq göstəricisidir.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Referans-a açıqlamasında bildirib ki, Rusiya bu proqramla yalnız yeni müharibəyə hazırlanmır, eyni zamanda mövcud hərbi infrastrukturunu da gücləndirir. Putinin istəyi həm daxili siyasi mövqeyini gücləndirmək həm də Qərb qarşısında yeni mövqelər qazanmaqdır. Moskva və Leninqrad dairələrinin yaradılması təkcə simvolik deyil, strateji bir addımdır. Bu hərbi dairələr Rusiya ordusunun Qərb sərhədlərində cavabdehlik zonasını genişləndirəcək, yeni diviziya və birləşmələrin formalaşması isə Rusiyanın müdafiə və hücum imkanlarını artıracaq. Bu proses Cənubi Qafqazda gərginliyi artırır və region ölkələrinin müdafiə qabiliyyətlərinin təkmilləşdirilməsi tələb olunur.”
Emin Həsənli həmçinin vurğulayırb ki, Azərbaycanın hazırkı müdafiə strategiyası müasir təhlükələri qarşılamağa kifayət etməlidir. Regionda təhlükəsizlik məsələləri sadəcə hərbi deyil, siyasi və diplomatik kanallarla da həll edilməlidir. Azərbaycanın strateji mövqeyi və balans siyasəti bu baxımdan önəmlidir”,- deyə Emin Həsənli əlavə edib.
Sözügdən mövzu ətrafında hərbi ekspert Ədalət Verdiyev isə Referans-a verdiyi açıqlamada qeyd edib ki, Rusiya hərbi xərclərini artırmaq məcburiyyətindədir. Çünki Qərbin, xüsusilə NATO üzvü ölkələrin hərbi təzyiqləri və sərhəddəki bazalarının sayı artmaqdadır. Moskva və Leninqrad hərbi dairələrinin bərpası Rusiya üçün təhlükəsizliyin təminatıdır. Bu dairələr əvvəl də mövcud idi, lakin NATO-nun şərqə genişlənməməsi fonunda ixtisara uğramışdı. İndi isə Ukrayna münaqişəsi və Qərb ölkələrinin artan müdafiə tədbirləri Moskvanı bu dairələri yenidən aktivləşdirməyə vadar edib. Ukrayna dronlarının Moskva şəhərinə qədər zərbə vurması, əslində, Rusiyanın daxili təhlükəsizliyi üçün yeni çağırışdır.
Hərbi ekspert onu da diqqətə çatdırıb ki, bu proseslər Cənubi Qafqaz üçün də əhəmiyyətlidir. Bu regionda da müharibə təhlükəsi var və Azərbaycan bu təhlükəni nəzərə almalıdır. Hərbi gücün artırılması ilə yanaşı, diplomatik əməkdaşlıqlar da gücləndirilməlidir. Bölgədə sabitliyin təmin olunması üçün Qərb və Rusiya arasında balanslı münasibətlər vacibdir.
Hər iki ekspertin fikrincə Rusiya ilə Qərb arasındakı gərginlik yaxın gələcəkdə azalacağına inam azdır. Onlar bu gərginliyin Cənubi Qafqazda da təzyiq mexanizmlərinin artmasına səbəb ola biləcəyini vurğulayırlar. Lakin Azərbaycanın strateji mövqeyi, güclü ordu quruculuğu və regional əməkdaşlıq təşəbbüsləri bu risklərin qarşısını almaq üçün əhəmiyyətlidir.
Referans olaraq ekspertlərin dərin təhlillərini diqqətdə saxlayacaq, regionda təhlükəsizliklə bağlı yeni məlumatları oxucularımıza çatdırmağa davam edəcəyik.
Gülgəz Qədirova
Referans