ABŞ-ın İllinoys ştatındakı Şimal-Qərb Universitetinin alimləri ənənəvi kardiostimulyatorlarla müqayisədə ürək xəstəliklərinin müalicəsində inqilab edəcək cihaz hazırlayıblar.
Referans Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir düyü dənəsindən kiçik olan yeni nəsil kardiostimulyator sadəcə bir şprisdən istifadə etməklə əməliyyat olmadan birbaşa ürək toxumasına yeridilə bilər.
Məlumata görə, simsiz cihaz qan və digər bədən mayeləri ilə qarşılıqlı əlaqədə öz enerjisini yaradır. Funksiyasını yerinə yetirdikdən sonra orqanizm tərəfindən sovrulur və tullantı kimi xaric olur. Yeni cihaz sinə üzərində xaricdən yerləşdirilmiş kiçik sensorla birlikdə işləyir.
Ürəkdə nizamsızlıq aşkar edildikdə, bu sensor infraqırmızı işıqla kardiostimulyatoru aktivləşdirir, ürək ritmini normal vəziyyətə gətirir. Lazım olduqda isə yenidən yandırıla və söndürülə bilər.
Bildirilib ki, yeni cihaz heyvanlar üzərində aparılan tədqiqatlarda uğurlu olub. İnsan sınaqlarının isə bir neçə il ərzində başlayacağı gözlənilir.
Qeyd edək ki, araşdırma “Nature” jurnalında dərc olunub.