*Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın iqtisadi potensialının üzə çıxarılması, regionların inkişafının davam etdirilməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, dağ-mədən sənayesi ilə bağlı dövlət proqramı ölkənin iqtisadi inkişafında və bərpasında yeni mərhələ aça biləcək sənəddir.
Onun sözlərinə görə, proqram 2004-cü ildən bir neçə mərhələdə qəbul olunan regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının bir növ davamı kimi də dəyərləndirilə bilər.
A.Quliyev qeyd edib ki, dövlət proqramının digər əhəmiyyəti Sovet hakimiyyəti dövründən, eləcə də erməni işğalı illərindən miras qalmış mənfi irsin aradan qaldırılması baxımından mühüm olmasıdır.
Politoloq Azərbaycanın dağ-mədən sənayesi və metallurgiyanın inkişafı üçün böyük təbii potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Sovet hakimiyyəti dövründə Azərbaycanın dağ-mədən sənayesinin inkişafına kifayət qədər diqqət göstərilməyib və əsas diqqət ölkənin neftinin ittifaq ehtiyacları üçün istifadəsinə yönəldilib.
A.Quliyev bildirib ki, həmin dövrdə dağ-mədən sənayesinin əsasən erməni ekspertlərin və geoloqların əlində olması da Azərbaycanda bu sahənin inkişafına maneçilik törədib.
O, ötən əsrin 60–70-ci illərində Naxçıvanın Babək rayonunda, Qızıldağ massivində geoloji qrupların fəaliyyət göstərdiyini xatırladıb. Politoloqun sözlərinə görə, Moskvaya təqdim olunan hesabatlarda həmin ərazidə qızıl ehtiyatlarının olmadığı və ya mövcud ehtiyatların çıxarılmasına çəkiləcək xərclərin özünü doğrultmayacağı bildirilib.
“Ancaq Naxçıvanda əhalinin arasında gəzən söhbətlərə görə, Qızıldağ massivində əhəmiyyətli dərəcədə əlvan metal ehtiyatları mövcuddur. Bütün bunların araşdırılması, ortaya çıxarılmasında həmin dövlət proqramının çox böyük əhəmiyyəti ola bilər”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, 30 illik erməni işğalı dövründə də Azərbaycanın dağ-mədən sənayesinə ciddi zərbələr vurulub:
“Beləliklə, Sovet hakimiyyəti dövründə bu sahəyə barmaqarası baxılaraq taleyin ixtiyarına buraxılırdısa, erməni işğalı dövründə isə bizim dağ-mədən ehtiyatlarımız sözün həqiqi mənasında talanmağa başlanmışdı”.
Onun sözlərinə görə, belə şəraitdə dağ-mədən sənayesi və metallurgiyanın inkişafı ilə bağlı dövlət proqramının qəbul olunması indiyədək potensialı tam şəkildə üzə çıxarılmamış bir sahənin inkişafına yönələn sənəd kimi qəbul olunmalıdır.
A.Quliyev hesab edir ki, bu sahənin inkişafı növbəti mərhələdə ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına və dövlət gəlirlərinin əhəmiyyətli dərəcədə artmasının yeni mənbəyinə çevrilə bilər.
Politoloq xüsusilə əlvan metallurgiyanın inkişafı üzrə işlərin ilk mərhələdə Azərbaycanın milli şirkəti olan “AzerGold”a həvalə edilməsini, sonrakı mərhələlərdə isə xarici investisiyaların cəlb olunmasının nəzərdə tutulmasını əhəmiyyətli hesab edib.
“Çünki bu, əhəmiyyətli bir sahənin, yəni əlvan metallurgiya sahəsinin yeni inkişaf mərhələsinin məhz milli şirkətimizin adı ilə bağlı olması kimi bir mərhələ açacaq”, – deyə A.Quliyev vurğulayıb.
Politoloq sonda dövlət proqramının regionların inkişafının davamı və tərkib hissəsi kimi qəbul edilməli olduğunu bildirib. Onun sözlərinə görə, proqram həmçinin Sovet dövründən və erməni işğalından miras qalmış mənfi irsin aradan qaldırılması və sahənin inkişaf etdirilməsi baxımından əhəmiyyətli perspektivlər vəd edir.
Gülnaz Abdullazadə
