Türkiyə ADEX 2026-da 61 şirkətlə iştirak edəcək

Türkiyə müdafiə sənayesi Bakıda keçirilən ADEX 2026 sərgisində 61 şirkətlə təmsil olunur.

Referans Media xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə təşkil olunan milli pavilyon Bakı Ekspo Mərkəzində ADEX tarixində ölkənin ən geniş iştirakını təmin edib.

Türkiyənin milli pavilyonunda “ROKETSAN”, “ASELSAN”, “TUSAŞ”, “Baykar” və “HAVELSAN”ın da daxil olduğu aparıcı müdafiə sənayesi şirkətləri öz məhsul və texnologiyalarını nümayiş etdirirlər.

Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyənin sərgidə geniş iştirakı ölkənin müdafiə və aviasiya sənayesində son illərdə əldə etdiyi inkişafın göstəricisidir. Onun sözlərinə görə, 2025-ci ildə Türkiyənin müdafiə və aviasiya ixracı 10 milyard dolları ötüb, yerli istehsal səviyyəsi isə 80 faizdən yuxarı qalxıb.

ADEX 2026 çərçivəsində Türk Dövlətləri Təşkilatının Müdafiə Sənayesi Qurumları Rəhbərlərinin İkinci Toplantısının keçirilməsi də nəzərdə tutulur. Görüşdə türk dövlətləri arasında müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq da genişlənməkdədir. Hazırda Azərbaycanda “ASELSAN Bakı”, “Bayraktar Teknoloji Azərbaycan”, “Maşın və Kimya Azərbaycan” və “TUSAŞ Azərbaycan Mühəndislik Ofisi”nin daxil olduğu altı ortaq şirkət fəaliyyət göstərir.

Bundan əlavə, “TUSAŞ”ın “HÜRKUŞ” təyyarəsinin bəzi hissələrinin Azərbaycanda istehsalı ilə bağlı yerli müəssisələrlə danışıqları davam edir. Görgün bu layihələri iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının istehsal, texnologiya transferi, mühəndislik və məşğulluğu əhatə edən inteqrasiya olunmuş modelə çevrildiyinin göstəricisi kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki