Gözlər yaşlanma sürətini göstərə bilər

Cənubi Koreyada aparılan araşdırmada süni intellekt modelinin retina görüntülərindən insanın yaşını orta hesabla 2,5–2,7 illik xəta payı ilə təxmin edə bildiyi müəyyənləşdirilib.

Referans Media xəbər verir ki, Seul Milli Universitetinin alimləri gözün arxa hissəsindən alınan retina görüntülərinin bioloji yaşlanmanı qiymətləndirmək üçün sürətli və qeyri-invaziv üsul ola biləcəyini bildiriblər. Araşdırmada “retinal yaş fərqi” adlandırılan RAG texnologiyasından istifadə olunub. Sistem retina görüntüsü əsasında şəxsin yaşını təxmin edir və bu nəticəni onun real yaşı ilə müqayisə edir.

Tədqiqat zamanı 7 535 nəfərdən alınan 29 530 retina görüntüsü süni intellekt modelinin hazırlanmasında, 7 416 nəfərə aid 14 832 görüntü isə modelin sınağında istifadə edilib. Model şəxslərin xronoloji yaşını orta hesabla 2,5–2,7 illik xəta ilə müəyyənləşdirib.

Araşdırmada daha yüksək retina yaş fərqinin bəzi sağlamlıq göstəriciləri ilə əlaqəli olduğu da müəyyən edilib. Belə ki, diabet retina yaş fərqinin 2,52 il, aktiv siqaret istifadəsi 0,50 il, keçmişdə siqaret çəkmək 0,46 il, makula degenerasiyası 0,60 il, katarakt isə 1,86 il artması ilə əlaqələndirilib. Bununla belə, alimlər bu nəticələrin səbəb-nəticə əlaqəsini göstərmədiyini vurğulayıblar.

Tədqiqatçılar hesab edirlər ki, texnologiya gələcəkdə göz müayinələri zamanı bəzi sağlamlıq problemlərinin müəyyənləşdirilməsinə kömək edə bilər. Lakin sistem hələ fərdi şəxsin bioloji yaşlanmasını və ya sağlamlıq riskini müəyyən edən test hesab edilmir. Bunun üçün insanların uzun müddət izlənilməsi və nəticələrin digər bioloji yaşlanma göstəriciləri ilə müqayisə edilməsi tələb olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki