Dizellə bağlı təcili xəbər yayıldı: Azərbaycanda yanacaq bahalaşacaq?

Dünyada dizel bazarında təchizat məhdudiyyətlərinin yaranması və əsas ixracatçı ölkələrdən tədarükün azalması fonunda qiymət artımlarının Azərbaycana da təsir göstərə biləcəyi bildirilir. Ekspertlər hesab edirlər ki, daxili istehsal imkanları yanacaq qıtlığı riskini azaltsa da, qlobal qiymət və logistika xərclərinin yüksəlməsi daxili bazarda dizelin maya dəyərinə təsir göstərə bilər.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, dünyada dizel bazarında mövcud təchizat məhdudiyyətləri, Rusiya və Yaxın Şərqdən ixracın azalması, Rusiyada qiymət artımı, eyni zamanda dizel istehsalının 6 milyon barrel azalması və Rusiya ilə Körfəz ölkələrində yaranan qıtlıq dizel bazarına təsir göstərir və qiymətlərin artmasına səbəb olur.

Onun sözlərinə görə, bu proseslərin Azərbaycan üçün əsas təsirlərindən biri dizelin maya dəyərinin artması ola bilər.

V.Oruc qeyd edib ki, Azərbaycan dövləti 2026-cı ilin mayından 2027-ci ilin martına qədər idxal olunan dizel yanacağı üçün aksiz dərəcəsini müvəqqəti olaraq ton başına 1 manata endirib və idxal zamanı gömrük rüsumunu sıfırlayıb.

O bildirib ki, bu addım mövcud vəziyyətdə təzyiqin yumşalmasına gətirib çıxara bilər:

“Məqsədyönlü şəkildə bu addım atılıb ki, daxili bazarda təchizatın və qiymət sabitliyinin qorunması mümkün olsun. Yəni, Azərbaycan hökumətinin bu istiqamətdə artıq addımlar atması təqdirəlayiqdir”.

AQC sədri əlavə edib ki, buna baxmayaraq, dünya bazarında baş verən proseslərin Azərbaycana təsiri qaçılmazdır və daxildə dizelin qiymətində dəyişiklik məsələsi gündəmə gələ bilər.

Onun sözlərinə görə, 2027-ci ilin martına qədər bu prosesin tənzimlənməsi üçün imkanlar mövcuddur. Əgər həmin müddətə qədər hökumətin bu istiqamətdə tənzimləyici qərarları davam edərsə, qlobal təzyiqin təsiri azaldıla bilər. Lakin daha uzun müddətdə qiymətlərdə dəyişikliklərin baş verməsi ehtimalı qalır.

V.Oruc vurğulayıb ki, dizel qiymətlərində dəyişiklik bütün iqtisadiyyata təsir göstərə bilər. Çünki nəqliyyat və logistika kimi sahələrdə dizel yanacağından geniş istifadə olunur:

“Benzindən daha çox dizel bu istiqamətdə istifadə olunur və dizelin qiymətindəki dəyişiklik avtomatik olaraq məhsulların maya dəyərinə transfer edir. Bu da son nəticə etibarilə məhsulların qiymətinə təsir göstərəcək”.

AQC sədri qeyd edib ki, Azərbaycanda yanacaq qiymətləri strateji əhəmiyyət daşıdığı üçün müvafiq dövlət qurumları tərəfindən tənzimlənir və burada tam sərbəst bazar qiymətləri mövcud deyil.

O hesab edir ki, bu tənzimləmə dünya bazarında baş verən qiymət artımının qısa müddətdə Azərbaycan bazarına transfer edilməsinin qarşısını ala, prosesi yubada və ya yumşalda bilər. V.Orucun sözlərinə görə, dəyişiklik baş versə belə, qiymətlərdə kəskin artım gözlənilmir.

“Daxili istehsal imkanları yanacaq qıtlığı riskini azaldır”

V.Oruc Azərbaycanın daxili dizel istehsalı imkanlarının da yanacaq təchizatında mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, daxili istehsal imkanları olduğuna görə ölkədə yanacaq qıtlığının yaranması ehtimalı yüksək deyil.

AQC sədri qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxili bazarın əsas təminatçısıdır və 2025-ci ildə 2,55 milyon ton dizel istehsal edib.

O bildirib ki, 2026-cı ilin yanvar-may aylarında isə 937,9 min ton dizel istehsal olunub. Bu göstəricilərə əsasən, 2026-cı ildə 2025-ci illə müqayisədə böyük həcmdə dizel istehsalı gözlənilmir.

“May ayına qədər olan məlumatlara əsasən demək olar ki, ən azı 2025-ci ildəki həcmin təmin edilməsi mümkün olmayacaq”, – deyə V.Oruc bildirib.

Onun sözlərinə görə, əsas risk təchizat qıtlığından daha çox qiymət istiqamətindədir. Beynəlxalq bazarda qiymətlərin və logistika xərclərinin artması uzun müddət davam edərsə, bu proses Azərbaycan yerli bazarına da təsir göstərə bilər.

“Sadəcə qiymət istiqamətində ola bilər ki, qiymətlərdə müəyyən dəyişiklik baş versin və qiymət artımına qərar verilsin. Qiymətin dünya bazarında və eyni zamanda logistika xərclərinin artması fonunda beynəlxalq qiymət artımı uzun müddət davam edərsə, təbii ki, bu, Azərbaycan yerli bazarına müəyyən təsir göstərəcək”, – deyə o əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki