“İcra haqqında” Qanuna təklif olunan və borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi, həmin qiymətli kağızlara həbs qoyulması və zəruri hallarda onların satılmasını nəzərdə tutan dəyişiklik icra sənədlərinin daha effektiv icrasına imkan yarada bilər. Bununla yanaşı, mexanizmin tətbiqi zamanı borclunun mülkiyyət hüququ ilə tələbkarın icra hüququ arasında balansın qorunması vacibdir.
Referans Media-ya açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib ki, təklif olunan mexanizm ümumilikdə icra sənədlərinin effektiv icrasının təmin edilməsi və tələbkarın qanuni tələbinin real aktiv hesabına ödənilməsinə imkan yaradılması baxımından hüquqi cəhətdən əsaslandırıla bilər.
Onun sözlərinə görə, qiymətli kağızların ayrıca əmlak obyekti kimi icra prosesinə daxil edilməsi borclunun əmlakının bütövlüklə nəzərə alınmasına və icranın səmərəliliyinin artırılmasına xidmət edə bilər.
Hüquqşünas qeyd edib ki, mexanizmin tətbiqi zamanı borclunun mülkiyyət hüququ ilə tələbkarın icra hüququ arasında proporsional balansın qorunması əsas şərtdir.
“Qiymətli kağızlara həbs qoyulması və onların satılması yalnız qanunda nəzərdə tutulmuş əsas və prosedur çərçivəsində, borcun məbləğinə adekvat həcmdə və daha az məhdudlaşdırıcı vasitələrin kifayət etmədiyi hallarda həyata keçirilməlidir”, – deyə Ü.Məmmədov bildirib.
Onun sözlərinə görə, borclunun hüquqları baxımından əsas risk qiymətli kağızların bazar dəyərinin dəyişkənliyi ilə bağlıdır. Həbs və ya satışın qiymətli kağızların bazar qiymətinin aşağı olduğu dövrə təsadüf etməsi borclunun əmlak maraqlarına əlavə zərər vura bilər.
Hüquqşünas hesab edir ki, bu baxımdan qiymətli kağızların qiymətləndirilməsi, satış vaxtının müəyyənləşdirilməsi, satış üsulu və əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi üzrə aydın qaydaların müəyyən edilməsi vacibdir.
E.Məmmədov tələbkarın hüquqları baxımından isə bu mexanizmin icra prosesinin sürətləndirilməsinə və borcun faktiki təmin edilmiş aktiv hesabına ödənilməsinə imkan yarada biləcəyini bildirib.
“Lakin qiymətli kağızların likvidliyinin aşağı olması, onların satışının mümkün olmaması və ya satış nəticəsində borcun tam məbləğinin ödənilməməsi halları üçün qanunda əlavə prosedurlar nəzərdə tutulmalıdır”, – deyə o qeyd edib.
Hüquqşünasın sözlərinə görə, təklif olunan dəyişiklik mahiyyət etibarilə icra mexanizminin təkmilləşdirilməsinə yönəlmiş hüquqi alət kimi qiymətləndirilə bilər. Lakin onun effektiv və hüquqa uyğun tətbiqi üçün yalnız qiymətli kağızlara tələbin yönəldilməsi imkanının yaradılması kifayət deyil.
Onun fikrincə, həbs, qiymətləndirmə, satış, satışdan əldə olunan vəsaitin bölüşdürülməsi, üçüncü şəxslərin hüquqlarının qorunması və şikayət mexanizmləri qanunda mümkün qədər aydın və ardıcıl tənzimlənməlidir.
“Əks halda, mexanizmin tətbiqi mülkiyyət hüququnun məhdudlaşdırılması, qiymətli kağızların real dəyərinin düzgün müəyyən edilməməsi və icra prosesində mübahisələrin artması ilə nəticələnə bilər. Bu baxımdan, dəyişikliklərin hüquqi baxımdan məqbul hesab edilməsi onların mütənasiblik, şəffaflıq, hüquqi müəyyənlik və məhkəmə müdafiəsi prinsiplərinə uyğun prosedur təminatları ilə müşayiət olunmasından asılıdır”, – deyə E.Məmmədov əlavə edib.
Gülnaz Abdullazadə
