backend

Azərbaycan və Ermənistan üçün yeni dəhliz – dənizdən okeana…

“Qərb yolların açılmasını gözləyir”. Bunu jurnalistlərlə qısa söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Erməni nazirin sözlərinə görə, Almaniya prezidenti və kansleri ilə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin görüşlərinin gündəliyi əsasən iqtisadiyyat olub: “Hamını maraqlandıran sual bu idi ki, Ermənistan-Türkiyə sərhədi nə vaxt açılacaq, Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq. Çünki Avropada Mərkəzi Asiya ilə, Çinlə bağlı çoxlu proqramlar mövcuddur. Bu proqramların məntiqi ondan ibarətdir ki, bütün bu yüklər buraya gəlib Orta dəhliz vasitəsilə keçməlidir. Yollardan biri əgər Azərbaycan-Gürcüstan-Qara dəniz marşrutudursa, digər yol Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi və ya Türkiyə üzərindən Avropaya uzanan marşrutdur. Hətta onların təklif etdiyi yaşıl hidrogenin daşınması imkanını da müzakirə etdik, çünki hazırda bu istiqamətdə çox böyük layihələr həyata keçirirlər və bütün bunlar “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi), TRIPP, yolların açılması imkanları ilə bağlıdır”.

Bu açıqlamadan məlum olur ki, Paşinyanın səfərində Almaniya üçün bir nömrəli məsələ dəhlizlər və Mərkəzi Asiyadan tranzit daşımaları olub. Bu isə təsadüfi deyil: Avropa İttifaqı, ardınca isə ABŞ Mərkəzi Asiyadan keçən ticarət yollarından pay götürmək, regionun nəqliyyat-logistika imkanlarından bəhrələnmək üçün son iki ildə fəaliyyətlərini kəskin artırıblar. Bu prosesdə Mərkəzi Asiya ölkələrindəki nadir element ehtiyatları da mühüm rol oynayır. 2024-cü ildən Avropa İttifaqı Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu ilə yükdaşımaların canlandırılması üçün müxtəlif layihələrin maliyyələşdirilməsinə qoşulub. Həmin il Aİ bölgədən keçən Transxəzər Nəqliyyat Marşrutu infrastrukturuna 10 milyard avro yatıracağını açıqlayıb, ilk 3 milyard avroluq müqavilələr Qazaxıstan və Özbəkistanla imzalanıb.

Bu ilin aprelində Özbəkistanın paytaxtı Səmərqənddə üçüncü Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçirilib. Sammitdə Aİ-nin  yüksək vəzifəli şəxsləri iştirak edib. Brüssel Mərkəzi Asiyanı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə iqtisadi alternativ və davamlı inkişaf üçün alət kimi irəli sürdüyü Global Gateway təşəbbüsündə görmək istəyir. Qlobal Gateway Avropa İttifaqının vəsaiti hesabına Asiya və Afrikada infrastruktur və rəqəmsal layihələrin həyata keçirilməsi üçün uzunmüddətli müqavilələrin bağlanmasına yönəlmiş Aİ proqramıdır.

Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ də bölgəyə diqqətini artırıb. Avqustda Vaşinqtonda Azərbaycan-Ermənistan-ABŞ müqavilələri imzalanıb. Noyabrın əvvəlində isə Mərkəzi Asiyanın 5 ölkəsinin rəhbəri Vaşinqtonda Trampla görüşüb, bir sıra müqavilələr imzalayıblar. Analitiklərə görə, Vaşinqton razılaşmaları ABŞ-nin Orta Asiyaya daxil olmasına yol açır. Son illərdə regional və ikitərəfli əlaqələr çərçivəsində Azərbaycanla Orta Asiya ölkələri arasında çoxvektorlu (mədəni, iqtisadi, siyasi və hərbi) əlaqələr güclənib. Enerji və tranzit əməkdaşlığına xüsusi diqqət yetirilir. Azərbaycan regional forumlarda mühüm qonaq olur, münasibətlər 5+1 formatında sürətlə dərinləşir.

Qazaxıstan və Özbəkistan liderləri Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmalarını böyük nikbinlik və ümidlə qarşılayıblar. Bu, bütün Mərkəzi Asiya ölkələri üçün xüsusi iqtisadi perspektivlər və faydalar açır.

Bəzi mənbələrə görə, noyabrın əvvəlindəki Vaşinqtonda keçirilən sammitdən əvvəl Qazaxıstan əsas regional və tranzit rolunu nəzərə alaraq, Azərbaycanın da tədbirdə iştirakı üçün lobbiçilik etməyə çalışıb.

Məlumdur ki, Vaşinqtonda bir sıra iqtisadi və siyasi müqavilələr imzalandı (məsələn, Özbəkistanla ABŞ iqtisadiyyatına 35 milyard dollarlıq investisiya, Qazaxıstanla volfram hasilatı sahəsində 1 milyard dollarlıq investisiya və Astananın İsraillə İbrahim Sazişlərinə qoşulması və s.). Tramp sammiti Orta Asiyanın inkişafı üçün “əlamətdar hadisə” adlandırıb və sələflərini siyasi uzaqgörənliklərinə və regionun bol ehtiyatlarına kifayət qədər diqqət yetirmədiklərinə görə yenidən tənqid edib.

Aydın məsələdir ki, Aİ və ABŞ-nin bölgədəki fəallığı özlərini oranın ağası hesab edən Rusiya və Çin tərəfindən razılıqla qarşılanmayıb. Rusiya mətbuatında gedən təhlillər, səsləndirilən rəylərdən aydın olur ki, Moskva ABŞ-nin bölgədəki son addımlarını hibrid müharibə kimi dəyərləndirir. İddia olunur ki, uzun sürən Rusiya-Ukrayna hərbi-siyasi böhranı ABŞ tərəfindən Rusiyanın ehtiyatlarını tükəndirmək və Moskvanın diqqətini “postsovet cənubu”ndan yayındırmaq üçün başladılıb. Eyni zamanda ABŞ yaydakı hücumu ilə bölgədə ciddi maraqları olan İranı zəiflətmək, TRİPP layihəsi ilə həm Rusiyanı mühüm regional dəhlizdən kənarda qoymaq, həm də ABŞ-ın ticarət müharibəsi apardığı Çinin bölgədəki nüfuzunu zəiflətmək məqsədi güdüyü iddia olunur. 

Rusiya açıq dillə Mərkəzi Asiya və Cənubi Qafqazdakı 80 milyonluq bazarı, zəngin resurslara çıxışı və kommunikasiyanı itirməyəcəyini elan edir. Özü də bu, xarici işlər naziri Sergey Lavrov tərəfindən elan edilir. O, bir neçə gün əvvəlki mətbuat çıxışında Mərkəzi Asiya və Cənubi Qafazda ABŞ və Aİ-nin dəstəklədiyi nəqliyyat layihələrini bölgələrdə hegemonluğu ələ keçirmək cəhdi, onlarda iştirakı isə “vassallığı” qəbul etmək kimi qiymətləndirib.

Qeyd edək ki, Çin AB, və Aİ-nin regionda fəallaşmasına açıq təpki göstərmir. Məsələ burasındadır ki, Orta dəhlizin özü təkcə amerikalılar üçün deyil, xüsusən də çinlilər üçün faydalıdır, çünki bu, onların Avropa bazarlarına tranzit yollarını qısaldacaq. Dəhliz Çinin İran və Rusiya üzərində təsirini daha da gücləndirəcək. Əgər Avropa ilə ABŞ arasında münasibətlər pisləşərsə, Çin özünü Brüsselə etibarlı ticarət tərəfdaşı kimi təqdim edəcək. Buna görə də Çin Mərkəzi Asiya ölkələrini özünün “Bir kəmər, bir yol” təşəbbüsünə cəlb edərək, onların ərazisindəki nəqliyyat-logistik infrastruktura külli miqdarda sərmayə yatırır.

Son iki ildə Çin Xəzərin bu tayında da fəallığını artırıb. Əvvəl Gürcüstanda iqtisadi layihələrdə iştirakını genişləndirən Pekin indi diqqəti Azərbaycan və Ermənistan üzərində cəmləyib. Hər iki ölkə ilə iqtisadi-siyasi əlaqələr sürətlə dərinləşdirilir. 

Bütün bunların fonunda həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan böyük güclərin bölgədəki maraqları arasında öz mənafeyinə uyğun manevrlər edərək, bütün mənbələrdən investisiya cəlbinə, öz ərazilərindəki infrastrukturu inkişaf etdirməyə çalışırlar. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması istiqamətində təşəbbüsləri hamı dəstəkləyir.

Azərbaycan üçün bu dəstək mühüm əhəmiyyətə malikdir: Zəngəzur dəhlizinin işə düşməsi ilə, nəhayət ki, Türkiyə və onun üzərindən Avropaya alternativ, bir çox baxımından daha sərfəli çıxış əldə edəcək. Gürcüstandan bu sahədə asılılığın azalması Bakının dividentlərindən daha biridir. Ən əsası isə Naxçıvana birbaşa çıxış imkanı yaranacaq və bu sahədə İrandan asılılıq aradan qalxacaq.

Bir çox aspektdən yanaşdıqda Bakının yeni dəhlizdən iqtisadi dividentdən daha çox siyasi üstünlüklər əldə edəcəyi görünür: Azərbaycanla nəqliyyat kommunikasiyasının bərpası, Zəngəzur dəhlizi kimi mühüm layihədə ortaq iştirak Ermənistana kifayət qədər iri gəlirlər təmin edəcək. Bu isə İrəvandakı revanşist qüvvələrin nüfuzunun azalması, yeni qarşıdurma ehtimalının minimuma enməsi deməkdir.

Eyni zamanda Azərbaycan mühüm regional tranzit qovşağına çevrilməklə beynəlxalq arenada öz mövqeyini xeyli gücləndirmiş olacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizindən əlavə, Şərqlə Qərb, Şimalla Cənub arasında reallaşan mühüm regional və beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısıdır. Ölkə Orta dəhlizlə yanaşı, Mərkəzi Asiyadan təmiz enerjinin Avropaya çatdırılmasını nəzərdə tutan nəhəng layihənin ən aktiv iştirakçısı, ən mühüm həlqəsidir. Bu layihənin icrası istiqamətində işlər sürətləndirilir: artıq Azəbaycan-Qazaxıstan-Özbəkistan birgə müəssisəsinin yaradılmasına başlanıb, bərpa olunan mənbələrdən enerji istehsalı üçün hər 3 ölkədə böyük sərmayə qoyuluşlarına start verilib. 

Digər tərəfdən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rusiya və İranla aktiv əməkdaşlıq davam etdirilir. Bu dəhlizin ən səmərəli hesab olunan Qərb qolu Azərbaycan üzərindən keçir. Hazırda dəhlizdə yükdaşımaların artırılması üçün dəmiryol infrastrukturunun yenidən qurulması işləri həyata keçirilir, Bakı bunun üçün xarici maliyyə qurumlarından böyük vəsaitlər cəlb edib.

Qeyd olunanlar göstərir ki, Şərqdən Qərbə, Şimaldan Cənuba yönələn bütün perspektivli layihələrdə Azərbaycanın yeri, mühüm payı var. Zəngəzur dəhlizi bu yerin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki