Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Boşanmaların sayi niyə artıb? Xüsusilə gənc ailələrin boşanmasına səbəb olan amillər nələrdir? Bu istiqamətdə hansı psixoloji faktorlar əsas rol oynayır? Mövzuyla bağlı sosioloq Elçin Bayramlı REFERANS-ın suallarını cavablandırıb.
Sosioloq qeyd edib ki, Sovet dövründə boşanmaların az olduğu bir xalq indi boşanmaların sayına görə dünya liderlərindəndir. Bunun əsas səbəbi mənəvi deqradasiyadır. Minimum 80% pay buna məxsusdur, qalan 20% isə müəyyən sosial-iqtisadi problemlər və psixi xəstələrlə bağlıdır. Mənəvi deqradasiyanın səbəbləri son 30-35 ildə aparılan psixiadrom terror mənəvi dəyərlərimiz əleyhinə təbliğatlar, milli ailə dəyərlərimiz əleyhinə təbliğatlar, dırnağarası müasirlik əleyhinə aparılan təbliğatlar öz nəticəsini verib. Artıq insanların psixologiyası, həyata və ailəyə baxışları dəyişib yəni bir növ eqoist və narsist bir cəmiyyət formalaşıb.
Müsahibimiz onu da təəsüflə ifadə edib ki, bir çox insanlar üçün ailəyə görə yaşamaq kənara atılıb. Bir çox müasir gənclərin beynində öz şəxsi həyatı və əyləncəsi üçün yaşamaqdır. Bu isə çox ciddi bir problemdir konkret şəkildə zombiləşmə deməkdir və nəticədə həm boşanmalar artır həm də ailə qorunmaları kəskin sürətdə azalır. Bütün bunlar milli genofondumuzu ağır təhlükə altında qoyur, demoqrafik faciəyəyə fəlakətə səbəb olur. Bir millətin tədricən məhv olmasına gətirib çıxarır. Yəni 30,40,50 il ərzində bir millət tarix səhnəsindən silinərək gedir. Daha sonra müsahibimiz bildirib ki, hazırda əsas boşanma səbəbləri ondan ibarətdir ki, indi ailələr mənəvi dəyərlər üzərində deyil yalnız maddi dəyərlər üzərində qurulur. Maddi dəyərlər yəni qarşıdakı insanın maddi gücü, vəzifəsi, pulu, zahiri gözəlliyi, statusu və.s. olan kriteriyalardır. Mənəvi dəyərlərə isə zərrə qədər əhəmiyyət verən yoxdur.
Sosioloq hesab edir ki, qurulan yüz ailədən yalnız biri və ikisi mənəvi dəyərlər üzərində qurulur. Maddi dəyərlər üzərində qurulan ailə isə dağılmağa məhkumdur. Burda isə müddət məsələsi var. Bu beş, on, on beş ilədə ola bilər. Çünki belə ailələr maddiyyat üzərində qurulub və zamanla maddiyyat olmayanda artıq onları birləşdirən heçbir dəyər qalmır. İnsanların psixologiyası dəyişdiyi üçün hər insan öz istəyləri, maraqları üçün yaşamağa çalışır və digər ailə üzvlərinə qayğı göstərmir. Bunlar isə mənəvi deqradasiyanın kuliminasiyasıdır.
Həmsöhbətimizin fikrincə biz öz milli dəyərlərimizi atıb yad dəyərlərə üstünlük verdiyimiz üçün müasirlik və azadlıq adı altında bu hallar başladı. Bunları isə aparan xüsusi mərkəzlər var xaricdən idarə olunan. Bu məqsədlə Azərbaycanda ailə dəyərlərinin dağıdılması, milli dəyərlərin məhv edilməsi üçün yüz milyonlarla dollar məbləğində Azərbaycana Avropa fondlarından müxtəlif qrand layihələrlə, müxtəlif seriallara, kinolara və şou verlişlərə və.s. sərf eləyir. Ümumiyyətlə özəl televiziyalar Azərbaycan xalqının bir nömrəli düşmənidir və bu xalqın faciə və fəlakətlərinin səbəbi mənəvi cəhətdən özəl televiziyalardır. Bu qeyd olunan hallar isə çox təhlükəli vəziyyətə gətirib çıxarır.
“Əfsuslar olsun ki, biz min illərlə formalaşmış ailə dəyərlərimizi, milli dəyərlərimizi biz özümüzdən sonrakı nəsillərə ötürə bilmədik. Bu isə gənclərin izlədiyi filmlərdə, qulaq asdığı mahnılarda, oxuduğu əsərlədə özünü büruzə verir. Belə bir kütlənin formalaşması o deməkdir ki, Azərbaycan xalqı artıq bitmək üzrədir. Belə bir mühitdə də nəyinki boşanmalar bütün mənəvi problemlər geniş hal alacaq və biz millət olaraq maddi-fiziki cəhətdən olmasa da mənəvi cəhətdən məhv olacağıq. Bunun qarşısını almaq üçün isə dövlət sosial-iqtisadi dəstək paketləri həmdə mənəvi təbliğat müasir dəyərlər altında milli dəyərlərimizin unudulmasına yol verməməlidir. Yalnız bu tədbirlər həyata keçirilərsə biz gələcəyimizi xilas eləyə bilərik”,-deyə Elçin Bayramlı əlavə edib.
Ləman Xalıqova
Referans.az
