Azərbaycanda internetlə bağlı əhaliyə sevindirici xəbər verildi

Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsi internet və mobil rabitə istifadəçilərinin hüquqlarının qorunması baxımından yeni imkanlar yarada bilər. Qanunvericiliyə edilən dəyişikliklə xidmət keyfiyyətinin ölçülə bilən və yoxlanıla bilən göstəricilər əsasında qiymətləndirilməsi nəzərdə tutulur. Bu isə operator və provayderlərin məsuliyyətinin artırılması, vətəndaşların aldıqları xidmətin keyfiyyətinə dair tələblərinin daha konkret müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin dəqiqləşdirilməsi, ilk növbədə, internet və mobil rabitə bazarında xidmət keyfiyyətinin daha şəffaf və ölçülə bilən meyarlarla qiymətləndirilməsinə imkan verəcək.

Onun sözlərinə görə, abonent üçün əsas məsələ operatorun reklam etdiyi sürət deyil, gündəlik istifadədə faktiki olaraq əldə etdiyi xidmət keyfiyyətidir.

Mütəxəssis hesab edir ki, yeni yanaşmanın əsas əhəmiyyəti operator və provayderlərin məsuliyyətini konkret göstəricilər əsasında müəyyənləşdirməkdir. Məsələn, internetin yükləmə və ötürmə sürəti, gecikmə (latency), paket itkisi, şəbəkənin əlçatanlığı və rabitə fasilələrinin müddəti kimi göstəricilər obyektiv şəkildə ölçülməlidir.

Bununla yanaşı, Kamran Əsədullayev qeyd edib ki, dəyişikliklərin real nəticə verməsi üçün yalnız hüquqi tələblərin müəyyən edilməsi kifayət deyil. Həmin tələblərin mütəmadi monitorinqi, müstəqil ölçmələr və pozuntulara görə effektiv nəzarət mexanizmləri də tətbiq olunmalıdır.

İT mütəxəssisi diqqətə çatdırıb ki, Azərbaycan artıq telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən edən normativ sənədə malikdir. Bu sənəd mobil rabitə, internet, telefon və müştəri xidmətlərini əhatə edir. İKTA-nın 2025-ci il hesabatında isə 50-dən çox keyfiyyət indikatoru üzrə ölçmə metodologiyası və monitorinq mexanizmlərinin müəyyən edildiyi qeyd olunur.

Abonentlərin hüquqlarının qorunması baxımından da bu dəyişikliyin əhəmiyyətli olduğunu vurğulayan ekspert bildirib ki, istehlakçı aldığı xidmətin keyfiyyətinin müəyyən edilmiş göstəricilərə uyğunluğunu tələb edə, uyğunsuzluq olduqda isə şikayət mexanizmlərindən istifadə edə bilməlidir.

Onun sözlərinə görə, bunun üçün müraciətlərə baxılması, texniki problemlərin aradan qaldırılması və pozuntulara görə operatorların məsuliyyətə cəlb olunması prosesi daha şəffaf olmalıdır.

Kamran Əsədullayevin fikrincə, əsas nəticə abonentin ödədiyi xidmətlə faktiki əldə etdiyi xidmət arasında uyğunluğun təmin edilməsidir. Əgər operator müəyyən sürəti və keyfiyyəti vəd edirsə, bunu real şəbəkə göstəriciləri ilə təsdiqləməlidir. Beləliklə, bazarda rəqabət yalnız qiymət üzərində deyil, xidmətin real keyfiyyəti üzərində də formalaşa bilər.

Mütəxəssis hesab edir ki, bu dəyişikliklər internet və mobil rabitənin keyfiyyətinin yüksəldilməsi üçün hüquqi və institusional zəmin yaradır. Lakin vətəndaş bunu yalnız daha stabil internet, daha az rabitə fasiləsi və daha keyfiyyətli müştəri xidməti şəklində hiss etdikdə islahatın real nəticəsindən danışmaq mümkün olacaq.

Qeyd edək ki, Milli Məclis 24 noyabr 2026-cı ildə müvafiq qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Dəyişikliyin mahiyyəti ümumi ifadələr əvəzinə ölçülə bilən keyfiyyət göstəricilərinin hüquqi əsas kimi müəyyənləşdirilməsidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki