Xəbər verildiyi kimi, 25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Püskürmə bir faza ilə xarakterizə olunub və 15 dəqiqə davam edib.
Bəs sakinlər bu hadisədən narahat olmalıdırmı?
Referans Media bildirir ki, mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Musavat.com-a danışıb.
Ekoloq bildirib ki, palçıq vulkanlarının püskürməsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil:
"Çünki söhbət yer qabığında baş verən geoloji hadisədən, yəni endogen proseslərdən gedir. Yerin təkində baş verən proseslərdən hər zaman xəbərdar olmaq mümkün deyil. Endogen proseslər nəticəsində palçıq vulkanlarının yerləşdiyi ərazilərdə istənilən vaxt və istənilən məkanda belə hadisələr baş verə bilər. Bildiyimiz kimi, Azərbaycan dünyanın ən məşhur palçıq vulkanizmi zonalarından birində yerləşir. Bu barədə dəfələrlə elmi araşdırmalar aparılıb. Qafqaz dağ silsiləsinin Taman yarımadasından Abşeron yarımadasına qədər uzanan, təxminən 2500 kilometrlik ərazisində yüzlərlə palçıq vulkanı mövcuddur. Palçıq vulkanlarının püskürməsi zamanı bəzən alov müşahidə olunur, digər tərəfdən isə külli miqdarda lil və gilli süxurlar təzyiq nəticəsində yerin təkindən səthə çıxır. Abşeron yarımadasının, demək olar ki, bütün ərazilərində palçıq vulkanlarına rast gəlinir. Xəzər dənizinin daxilində də belə vulkanlar mövcuddur. Bu baxımdan, Abşeron yarımadası və Qobustan yaylası xüsusi diqqət çəkir".
Ənvər Əliyev palçıq vulkanlarının yaratdığı fəsad və təhlükədən də söz açıb:
"Ərazilərdə palçıq vulkanlarının yaratdığı əsas ekoloji problemlərdən biri səthə çıxan yüksək gilli tərkibli palçıq kütlələrinin torpaqları örtməsidir. Nəticədə təsərrüfat dövriyyəsində olan torpaqlar, otlaq və biçənək sahələri, bəzən isə əkin sahələri istifadəyə yararsız vəziyyətə düşür. Belə torpaqlar uzun müddət təsərrüfat dövriyyəsindən kənarda qalır. Bundan başqa, palçıq vulkanlarının püskürməsi zamanı dənizdə və quruda onlarla, hətta yüzlərlə metr hündürlüyə qalxan alov sütunları uzaq məsafədən görünür və müəyyən təhlükələr yarada bilir. Püskürmə zamanı yerin təkindən çıxan materialın temperaturu o qədər də yüksək olmur. Lakin gilli tərkibli kütlələr zamanla böyük yığınlar və ekzogen proseslər nəticəsində formalaşan təpələr əmələ gətirir. Həmin ərazilərdə gilliliyin yüksək olması səbəbindən bitki örtüyünün formalaşması da ləngiyir. Buna görə də bu sahələr uzun müddət bitkisiz və istifadəsiz qalır. Tarixdə palçıq vulkanlarının püskürməsi nəticəsində ağır faciələrin baş verdiyi hallar da qeydə alınıb. Məsələn, 1902-ci ildə Abşeron ərazisində baş verən güclü palçıq vulkanı püskürməsi zamanı yaranan alovlanma nəticəsində 6 çoban həyatını itirib, təxminən 2000 qoyun tələf olub. Bu hadisə palçıq vulkanlarının yalnız ekoloji deyil, həm də ciddi təhlükəsizlik riski yaratdığını göstərir.
Ümumilikdə, palçıq vulkanları planetimizin müxtəlif ərazilərində, xüsusilə cənub enliklərində və qırışıqlıq qurşaqlarında yayılıb. Dünyada təxminən 2500-dən çox palçıq vulkanının olduğu bildirilir. Alp-Himalay qırışıqlıq qurşağının bir hissəsi olan Abşeron yarımadası və Qobustan da bu baxımdan mühüm ərazilərdəndir. Buradakı palçıq vulkanları geoloji tarix ərzində formalaşıb və uzun müddətdir fəaliyyət göstərir. Onların fəaliyyəti və izləri tarixən müşahidə olunub, bu gün də həmin vulkanların çoxsaylı əlamətləri ərazidə qalmaqdadır".
