Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana gözlənilən səfəri iki ölkə arasında son dövrlər yaranmış müəyyən narazılıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Səfərin Bakı ilə Ankara arasında münasibətlərin normallaşmasına və əvvəlki etimad mühitinin bərpasına nə dərəcədə töhfə verəcəyi diqqət mərkəzindədir.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, bu müddət ərzində Türkiyə-Azərbaycan münasibətlərində çoxsaylı xoşagəlməz hallar baş verib.
Onun sözlərinə görə, münasibətlərdə yaranan narazılıqlar Türkiyə tərəfdən bəzi şəxslərin atdığı yanlış addımların nəticəsidir:
“Biz heç vaxt istəməzdik ki, Azərbaycan-Türkiyə münasibətlərində belə bir səhifə açılsın. Dövlətlərin daxili işlərinə müdaxilə xarakteri daşıyan belə hadisənin baş verməsi də heç xoş olmadı. Təbii ki, bu, iki ölkə arasında onilliklər ərzində formalaşmış dostluq və qardaşlıq münasibətlərinə dərin yara vurdu.
Ərdoğanın Bakıya səfərinin və bu səfər çərçivəsində keçirəcəyi görüşlərin yaranmış münasibətlərdə nə dərəcədə istiləşmə yarada biləcəyini söyləmək çətindir. Çünki qardaşın qardaşdan incikliyi bəzən çox dərin olur. Atalarımızın “Uman yerdən küsərlər” deyə bir sözü var. Qardaşımız Türkiyə tərəfindən AK Partiya iqtidarının nümayəndələrinin atdığı addımlar Azərbaycanda müxtəlif sferalarda müəyyən incikliklərə səbəb oldu.
Demək olar ki, Azərbaycanın tanınmış şəxslərinin hamısı bu məsələ ilə əlaqədar bu və ya digər dərəcədə narazılıqlarını bildirdilər. Bəziləri AK Partiya iqtidarının bu addımına qarşı qarşılıqlı iddialarla reaksiya verdilər, bəziləri öyüd-nəsihət tonunda mövqe tutdular, digərləri isə bütün bunların keçici olduğunu və tezliklə düzələcəyini bildirdilər. Bütün hallarda hər kəs Türkiyə-Azərbaycan münasibətlərində baş verənləri yaraşmayan hallar kimi dəyərləndirdi.
Çox yaxşı olardı ki, Ərdoğan Bakıya AK Partiya iqtidarının ali nümayəndəsi və rəhbəri kimi dövlət başçılarının məlum məktublaşmasından əvvəl gəlmiş olaydı. Heç olmasa, Ərdoğanın dövlət başçılarının İlham Əliyevə yazdığı məktubdan sonra gəlişi baş vermiş olsaydı, onun daha böyük effektindən danışmaq olardı.
İndi də hesab edirəm ki, bu səfər heç də tam mənada nəticəsiz olmayacaq. Təbii ki, münasibətlərin istiləşməsində müəyyən rol oynayacaq. Amma, əlbəttə, münasibətlərin əvvəlki vəziyyətinə qaytarılması üçün az olmayan bir zaman keçməlidir. Münasibətlərin əvvəlki vəziyyətinə qayıtmasının təkcə səfər hesabına mümkün olacağına inanmıram.
Ona görə də bu səfər baş tutmalı idi, Ərdoğan gəlməli idi. Amma səfərdən sonra münasibətlərin hansı həddə qədər bərpa olunacağını zaman göstərəcək.
Türkiyədə AK Partiya iqtidarının Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərindən və sonrakı hadisələrdən sonra təəssüf ki, hələlik iqtidarın yetərli reaksiyasını görmürük. Türkiyədə Azərbaycanın ünvanına ləkələyici, Azərbaycan Prezidentini qaralayan çıxışlara qarşı AK Partiya iqtidarının lazımi reaksiyasını hələ müşahidə etmirik. Ancaq bütün bunlar baş vermiş olsaydı, çox əhəmiyyətli nəticələr əldə edilə bilərdi”.
Gülnaz Abdullazadə
