Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcəyi gözlənilir. By səfər təkcə iki ölkənin strateji müttəfiqliyinin nümayişi deyil, həm də son dövrlər Bakı ilə Ankara arasında gündəmə gələn məsələlərin müzakirəsi baxımından diqqət çəkir.
Beynəlxalq agentliklər Azərbaycan-Türkiyə münasibətlərindəki son müzakirələrə diqqət çəkiblər. Ərdoğan özü də iki ölkə arasındakı münasibətlərdə mövcud problemlərin aradan qaldırılmasına ümid etdiyini bildirib. Bu baxımdan, sabah keçiriləcək görüşdə yalnız müttəfiqlik münasibətlərinin deyil, fikir ayrılıqlarının, qarşılıqlı gözləntilərin və regional maraqların da müzakirə olunacağı gözlənilir.
Referans Media xəbər verir ki, mövzu ilə bağlı politoloq, professor Qabil Hüseynli Musavat.com-a danışıb. Professor qeyd edib ki, Ərdoğanın Azərbaycana səfəri olduqca müsbət hadisədir: "Bu, Türkiyə Prezidentinin Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə ikinci iştirakıdır. İlk Zəfər paradında Türkiyə ordusunun hərbçilərinin Azadlıq meydanında keçirilən möhtəşəm yürüşdə iştirakı yaddaşlara həkk olunan tarixi mənzərə yaratmışdı. İndiki səfər də Zəfər Gününün siyasi əhəmiyyətini və beynəlxalq miqyasda nümayiş etdirdiyi mesajların çəkisini daha da artıra bilər.
Məlum olduğu kimi, son dövrlərdə Türkiyənin daxilindəki bəzi dini və islamçı çevrələrdən olan şəxslər Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirə biləcək müxtəlif təxribat xarakterli addımlar atıblar. Hicab məsələsinin də gündəmə gətirilməsi bu kontekstdə diqqət çəkirdi. Biz bütün bu cəhdləri yersiz hesab etmiş, Azərbaycanın suveren hüquqlarına müdaxilə kimi qiymətləndirmişik. Təbii ki, belə yanaşmalar iki ölkə arasındakı münasibətlərdə müəyyən gərginliyin yaranmasına səbəb olmuşdu. Lakin sonrakı hadisələr münasibətlərdə müsbət dinamikanın yenidən formalaşmağa başladığını göstərdi. Azərbaycan Prezidenti Türkiyənin Zəfər Günü münasibətilə xüsusi təbrik ünvanladı və bu müraciətdə iki ölkə arasındakı münasibətlərin əbədi və sarsılmaz xarakter daşıdığı bir daha vurğulandı. Ərdoğan da Cənubi Koreyaya səfəri zamanı Azərbaycan hava məkanından keçərkən Azərbaycan xalqına və Prezidentinə ünvanladığı səmimi təbriklə diqqət çəkdi. Bütün bunlar göstərir ki, münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılması və əvvəlki qarşılıqlı etimad mühitinin bərpası istiqamətində proses başlayıb".
Müsahibimiz deyib ki, Ərdoğanın Azərbaycana səfəri mövcud soyuqluğun tamamilə aradan qaldırılmasına, tərəflərin bir-birinin mövqeyini və həssaslıqlarını daha yaxşı anlamasına mühüm töhfə verəcək. Biz nahaq yerə “Bir millət, iki dövlət” deməmişik. Bu ifadə hər iki xalqın qəlbində və şüurunda özünə möhkəm yer tutub. Azərbaycan və Türkiyə xalqlarının bir-birinə münasibəti, ortaq tarixi, milli-mənəvi dəyərləri və qarşılıqlı bağlılığı bu birliyin yalnız siyasi şüardan ibarət olmadığını, real həyatda da özünü göstərdiyini təsdiqləyir. Bir tarixi faktı xatırlatmaq istəyirəm.Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə ölkə son dərəcə ağır siyasi və iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. Mustafa Kamal Atatürk həm ciddi maliyyə çatışmazlığı, həm də müxtəlif istiqamətlərdən gələn təzyiqlərlə mübarizə aparırdı. Dövlət xəzinəsinin boşaldığı, ölkənin ciddi çətinliklərlə üzləşdiyi həmin dövrdə Atatürk Azərbaycana müraciət etmək qərarına gəlir. O, Azərbaycan rəhbəri Nəriman Nərimanova telefon edərək Türkiyənin ağır vəziyyətdə olduğunu bildirir, ölkənin ehtiyaclarını qarşılamaq üçün borc vəsait istəyir və həmin məbləğin müəyyən müddət ərzində geri qaytarılacağını qeyd edir. Nəriman Nərimanovun cavabı isə iki xalq arasındakı qardaşlığın mahiyyətini ifadə edən tarixi bir mövqenin təzahürü olur. O, Atatürkə belə cavab verir: “Kamal bəy, qardaş qardaşa borc verməz, əl uzadar. Nə lazımdırsa, son qəpiyimizə qədər yardım etməyə hazırıq. Arxayın olun, gücümüz çatan hər şeyi edəcəyik”.
Həmin vaxt Azərbaycanın özünün də mürəkkəb vəziyyətdə olmasına, üstəlik, ölkənin maliyyə resurslarına Rusiyanın nəzarət etməsinə baxmayaraq, Nərimanov Türkiyəyə yardım göstərməkdən vaz keçmir. O, Azərbaycan xalqına müraciət edərək Türkiyəyə dəstək məqsədilə xüsusi fondun yaradıldığını elan edir. Qısa müddətdə xalqın imkanları hesabına vəsait toplanır və qardaş ölkəyə göndərilir. Bu hadisə iki xalq arasındakı münasibətlərin yalnız siyasi maraqlara deyil, ortaq tarixə, sarsılmaz qardaşlıq bağlarına və ən çətin günlərdə bir-birinə dayaq olmaq ənənəsinə söykəndiyini nümayiş etdirən nümunələrdən biri kimi xatırlanır".
Professor Türkiyə Prezidentinin Azərbaycana səfərindən böyük gözləntiləri olduğunu deyib: "Şəxsən mənim bu səfərdən gözləntilərim böyükdür. İnanıram ki, iki dövlət başçısı arasında keçiriləcək görüş və aparılacaq müzakirələr mövcud anlaşılmazlıqların və kiçik incikliklərin aradan qaldırılmasına, qarşılıqlı etimadın daha da möhkəmlənməsinə şərait yaradacaq. Bununla da həm Zəfər bayramımız daha böyük ruh yüksəkliyi ilə qeyd olunacaq, həm də Azərbaycan-Türkiyə münasibətlərinin əvvəlki yüksək səviyyəsinin qorunub saxlanılmasına və daha da inkişafına yeni təkan veriləcək".
