Xəbər verdiyimiz kimi, APA TV-nin əməkdaşı Sənan Bəhrəmli peşə fəaliyyətini icra edərkən fiziki təzyiqə məruz qalıb. Jurnalist paytaxtın Dərnəgül adlanan ərazisində taxta bazarında baş verən yanğın haqda reportaj hazırlamaq üçün hadisə yerində olarkən obyektin mühafizəçisi Heydər Sərdarov ona hücum edib. Bundan əvvəl isə Real TV-nin əməkdaşları məktəbin önündə zorakılığa məruz qalmışdı.
Son bir həftədə Azərbaycanda iki jurnalistin hücuma məruz qalması media nümayəndələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən zorakılıqla üzləşməsi təkcə onların şəxsi təhlükəsizliyi deyil, həm də söz və mətbuat azadlığı baxımından narahatlıq doğurur.
Bəs jurnalistlərə qarşı zorakılıq hallarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli deyib ki, son vaxtlarda reportyorlara, xəbər toplamaq istəyən jurnalistlərə qarşı açıq-aşkar aqressiya müşahidə olunur:
“Deməzdim ki, bu, cəmiyyətdə gedən tendensiyadır, amma ümumiyyətlə, xəbər daşıyıcılarının, xəbər mənbəyi ola biləcək qurumların və insanların bu cür yanaşması təəssüf doğurur. Əlbəttə, jurnalistlər də öz işlərini icra edərkən müəyyən etiket qaydalarına, hüquqi normalara çox həssas yanaşmalıdırlar. Çünki jurnalistin əsas işi məlumat toplamaq və onu cəmiyyətə yaymaqdır. İndi bizdə, təəssüf ki, çox pis tendensiya inkişaf edir ki, hadisələri gizlətməyə çalışırlar. Bu hadisə barədə məlumatları dəqiq vermək istəmirlər, ört-basdır edirlər, bəzən manipulyasiya ilə məşğul olurlar. Bu isə, əlbəttə ki, baş verən hadisələrin təhrif olunmuş şəklini yaradır. Hər şey qanun çərçivəsində olmalıdır”.
Qulu Məhərrəmli
Q.Məhərrəmli bildirib ki, hadisə baş veribsə və sosial əhəmiyyət daşıyırsa, bu barədə mütləq ictimaiyyətə məlumat verilməlidir:
“Hesab edirəm, bununla bağlı media qurumları müəyyən addımlar atmalı, xəbər daşıyıcıları ilə bağlı media savadlılığının artırılması istiqamətində çalışmalıdır. İnsanlar anlamalıdırlar ki, informasiya cəmiyyət üçün oksigendir. Ona görə bu məsələlərdə çox diqqətli və həssas olmaq vacibdir”.
Əməkdar jurnalist Azər Ayxan təəssüf hissi ilə qeyd edib ki, cəmiyyətdə hələ də media və jurnalistlərlə necə davranmalı olduğunu bilməyən təşkilatlar və şəxslər var:
“APA TV-nin əməkdaşının hadisə yerində – yəni öz peşə fəaliyyətini icra edərkən fiziki təzyiqə məruz qalması yolverilməzdir. Bu, Azərbaycan cəmiyyəti haqda neqativ qənaətlərin yaranmasına gətirib çıxara bilər. Həmkarımız yanğın baş verən əraziyə gedib ki, çəkiliş aparsın, məlumat toplasın, ictimaiyyəti bilgiləndirsin. Ona işini görməyə mane olaraq xəsarət yetirilir. Bundan əvvəl də Real TV və Space TV əməkdaşlarına qarşı eyni zorakılıq törədildi. Bilirsiniz, jurnalistin peşə fəaliyyətini icra edən zaman döyülməsi, təhqir edilməsi futbolçunun oyun zamanı azarkeşlər tərəfindən döyülməsi kimidir.
Azər Ayxan
Təsəvvür edin, rəqib komandanın azarkeşi qol vuran, ya da yaxşı oynayan futbolçunu meydançada döyür, yaxud döyməyə cəhd göstərir. Buna təpki necə olarsa, jurnalistlə bağlı da reaksiyalar eyni şəkildə özünü göstərməlidir. Hər kəs anlamalıdır: jurnalist peşə fəaliyyətini yerinə yetirərkən ona toxunmaq olmaz! Kim bu qaydaları pozursa, qanunla cəzalandırılmalıdır. Ona görə də vaxtaşırı media ilə davranış qaydalarına dair maarifləndirmə işləri aparılmalıdır. Necə ki, yol hərəkəti qaydaları barədə sosial reklam çarxları çəkilir, sosial şəbəkələrdə, mediada yayılır, bu mövzuda da sosial çarxlar hazırlanıb yayılsa yaxşıdır.
Digər tərəfdən, hüquq-mühafizə orqanları da bu məsələdə aktiv rol oynamalıdır ki, pis presedent yaranmasın. İnsanlar bilməlidirlər ki, digər hüquqazidd əməllər kimi, jurnalistlərə, media təmsilçilərinə qarşı davranış da hüquqi məsuliyyət yaradır və belə hərəkətlər yaxşı nəticələnməyəcək. Çox şükür ki, APA İnformasiya Agentliyinin əməkdaşına qarşı törədilən xoşagəlməz hadisə cinayət işinin açılması ilə nəticələndi. Hüquq-mühafizə orqanları çevik hərəkət edərək həmin şəxsi saxladılar. İnanıram ki, bu addım müəyyən qədər nəticə verəcək”.


