“Fənərbaxça” azarkeşlərinin gözlədiyi xəbər: Konseysao ilə razılıq əldə edildi!

“Fənərbaxça”da baş məşqçi axtarışlarının başa çatdığı iddia olunur. İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Serjio Konseysao ilə 1,5 illik müqavilə barədə razılığa gəldiyi bildirilir.

Referans Media xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti ilə bağlı yaranan fikir ayrılığı aradan qaldırılıb. Əvvəlcə “Fənərbaxça”nın 1,5 illik, Konseysaonun isə 2,5 illik müqavilə istədiyi bildirilirdi. Son danışıqlardan sonra tərəflərin klubun təklif etdiyi şərtlərlə razılaşdığı qeyd olunur.

“A Spor”un məlumatına görə, “Fənərbaxça” rəhbərliyi portuqaliyalı çalışdırıcını noyabrın 4-də Çempionlar Liqası çərçivəsində keçiriləcək “Liverpul”la oyundan əvvəl İstanbula gətirməyi planlaşdırır. Klubun əsas hədəfi Konseysaonun bu vacib qarşılaşmanı tribunadan izləməsidir. Lakin onun İstanbula gəlişi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə, “Fənərbaxça”nın sabiq baş məşqçisi Jorje Jezus da həmyerlisi Serjio Konseysao barədə müsbət rəy verib. Rəhbərliyin fikrini öyrəndiyi Jezusun portuqaliyalı mütəxəssis haqqında “Onda öz gəncliyimi görürəm” ifadəsini işlətdiyi bildirilir.

Serjio Konseysao məşqçilik karyerasına 2012-ci ildə başlayıb. O, “Akademika”, “Braqa”, “Vitoriya Gimarayeş” və Fransanın “Nant” klublarında çalışdıqdan sonra 2017-ci ildə “Porto”nun baş məşqçisi olub. Portuqaliyalı mütəxəssis bu klubda keçirdiyi 7 mövsüm ərzində 3 dəfə ölkə çempionu olub, 4 Portuqaliya Kuboku, 3 Superkubok və 1 Liqa Kuboku qazanıb. Ümumilikdə, “Porto” ilə 11 titul əldə edərək klub tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilib.

2024-cü ilin dekabrında “Milan”ın başına keçən Konseysao İtaliya klubu ilə Superkubokun qalibi olub. Lakin çempionatda gözlənilən nəticələr əldə edilmədiyindən 2025-ci ilin mayında vəzifəsindən ayrılıb. 51 yaşlı mütəxəssis son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdırıb və 2026-cı ilin iyununda komandadan ayrılıb. Onun məşqçilik karyerasında ümumilikdə 12 kubok var.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki