Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 101 əcnəbi vətəndaşı ölkədən deportasiya ediblər. Deportasiya olunanlar arasında Azərbaycan vətəndaşları da var.
Referans Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, deportasiya edilən şəxslər Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Kot-d'İvuar, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşlarıdır.
Məlumata görə, deportasiya olunan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstan son dövrlərdə qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya prosedurlarını və qanunsuz miqrantların müəyyənləşdirilməsi mexanizmlərini sadələşdirib./Ajans.az/
