Noyabrın 3-də Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.
Referans Media xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc namizədlər barədə məlumat verib.
Səsvermə yolu ilə hazırkı ombudsman Səbinə Əliyeva yenidən bu vəzifəyə seçilib.
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva idi.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Səbinə Əliyeva bundan öncə 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdi.
