Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi gündəmə gəlib. 2027-ci ilin yanvarından etibarən minimum əməkhaqqının məbləğində dəyişiklik edilməsi ehtimalı müzakirə olunur.
Bu artım hansı kateqoriyada nə qədər ola bilər?
Referans Media xəbər verir ki, iqtisad elmləri doktoru Aqil Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, "Əmək Məcəlləsinə" müvafiq dəyişiklik edilib və dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:

"Bu baxımdan da, Azərbaycanda 2027-ci il yanvarın 1-dən minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər mövcuddur. Mövcud məlumatlara əsasən, minimum əməkhaqqının hazırkı 400 manatdan 450–470 manat intervalına yüksəldilməsi mümkün variant kimi müzakirə olunur. İqtisadçılar tərəfindən minimum əmək haqqının 450, 460 və ya 470 manat olacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, yaxın keçmişin təcrübəsi artımla bağlı müəyyən təhlillər aparmağa imkan yaradır.
Ümumilikdə, son illərin təcrübəsi artımın 8-10% olacağı ehtimalını əsaslandırır. Həm də ona görə ki, bu kifayət qədər geniş əhatəli qərar olacaq. Təbii ki, 2027-ci ilin büdcəsi müzakirələrə təqdim edildikdə, daha konkret fikir bildirmək mümkün olacaq. Bütün hallarda isə, burada üç məqamı fərqləndirmək lazımdır. Yeni məbləğ qüvvəyə mindikdə, tam iş vaxtı normasını yerinə yetirən və əmək funksiyasını icra edən işçinin əməkhaqqı müəyyən edilmiş həddən aşağı ola bilməz. Minimum əməkhaqqının artırılması aşağı tarif dərəcələrinin və digər əmək haqqı pillələrinin yenidən nəzərdən keçirilməsinə əsas yarada bilər. Əlbəttə, bu o demək deyil ki, bütün dərəcələr, avtomatik olaraq eyni faizlə artırılacaqdır. Bütün hallarda isə, tam ştatla çalışan işçinin minimum əmək haqqından aşağı əmək haqqı alması qanunla qadağan ediləcək".
Aqil Əsədovun sözlərinə görə, minimum əmək haqqı artımı özəl sektorda çalışanların əmək haqqına da təsir edəcək:
"Eyni zamanda, minimum əmək haqqı artımı vergi ödəyicilərinin xərclərini də artıracaq. Mövcud qaydalara görə, VÖEN-lə çalışan bütün şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri məbləğ minimum əmək haqqı məbləği ilə əlaqədardır. Bu mənada minimum əmək haqqı artımı özəl sektor üçün əlavə xərclər də yaradır. Əlbəttə, arzu ediləndir ki, DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlılığı məsələsinə yenidən baxılsın, hazır ki, təcrübədə isə minimum əmək haqqı artımı özəl sektorda xərcləri artıracaqdır. Beləliklə, minimum əmək haqqının şaxəli təsirlərini və ötən illərin təcrübəsini nəzərə alaraq, artımın 10%-i ötməyəcəyini deyə bilərik. Əlbəttə, mövcud qiymətlər daha böyük artımlara ehtiyac olduğunu əsaslandırır, lakin bunun büdcə xərclərinə, özəl sektora təsirlərini nəzərə almaq lazımdır. Əsas olan odur ki, artıq minimum əmək haqqı məbləğinə hər il baxılacaqdır ki, bununla da minium əməkhaqqına bağlı bütün əməkhaqqıların yüksəlmiş olacaqdır".
